15 sentyabr 2026 15:15
228

Mərkəzi Bank iki lombard və bir lizinq şirkətini cərimələyib

Mərkəzi Bank iki lombardı və bir lizinq şirkətini cərimələyib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində “TAHK” MMC (Elit Lombard), “Anex Lombard” MMC və “Azmaş Lizinq” MMC-nin vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb olunub.

Bildirilib ki, maliyyə institutları tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı məhkəmə qərarları qəbul edilib.

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə “TAHK” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi əsasında 2 000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, 598.1.2-ci maddə maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsi və ya tam tətbiq edilməməsi ilə bağlı tələbləri əhatə edir.

Həmçinin “Anex Lombard” MMC-nin vəzifəli şəxsi Şirvan Şəhər Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri əsasında 2 000 manat məbləğində cərimələnib.

Bu maddələr müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanmasına, eləcə də daxili nəzarət proqramının tətbiqinə dair tələblərin pozulmasını nəzərdə tutur.

Bundan əlavə, “Azmaş Lizinq” MMC və onun vəzifəli şəxsi də inzibati məsuliyyətə cəlb olunub. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə şirkət 21 000 manat, onun vəzifəli şəxsi isə 3 000 manat məbləğində cərimə edilib.

“Azmaş Lizinq” üzrə qərar İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələri əsasında qəbul olunub. Bu maddələr müştəri uyğunluğu tədbirləri, daxili nəzarət proqramı və monitorinq olunan əməliyyatlar üzrə məlumat və sənədlərin təqdim edilməsi tələbləri ilə bağlıdır.

Qeyd edək ki, “Azmaş Lizinq” MMC 2019-cu ildə təsis edilib. Şirkət kənd təsərrüfatı texnikaları və avadanlıqların lizinq yolu ilə maliyyələşdirilməsi sahəsində fəaliyyət göstərir. Şirkətin qanuni təmsilçisi Fəridə Qaraxanova Misrixanovnadır.