XXI əsrin üçüncü onilliyində beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər regional təşkilatların rolunu və funksiyalarını yenidən nəzərdən keçirməyi zəruri edir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə yalnız ortaq dil, tarix və mədəniyyət əsasında əməkdaşlıq platforması olmaqdan çıxaraq siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik, rəqəmsallaşma, təhsil və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığı əlaqələndirən institusional mexanizmə çevrilməkdədir. Xüsusilə 2020–2026-cı illər TDT-nin inkişafında yeni mərhələ kimi xarakterizə edilə bilər. Azərbaycanın coğrafi mövqeyi, enerji və nəqliyyat infrastrukturu, Orta Dəhlizin əsas halqalarından biri olması, Avropa ilə Mərkəzi Asiya arasında əlaqələndirici mövqeyi və çoxtərəfli diplomatiya təcrübəsi bu prosesə əlavə strateji məzmun verir. Türkiyənin siyasi, diplomatik və iqtisadi fəallığı isə Azərbaycanın təşəbbüslərini tamamlayan əsas amillərdən biridir.
Dəyişən dünya və yüksələn Türk dünyası
2009-cu ildə Naxçıvan Sazişi əsasında yaradılan təşkilat 2021-ci ildə İstanbul Zirvəsində Türk Dövlətləri Təşkilatı adını qəbul etməklə yeni institusional mərhələyə keçib. Həmin Zirvədə qəbul edilmiş “Türk Dünyası – 2040 Vizyonu” təşkilatın sadəcə mədəni birlik deyil, uzunmüddətli siyasi, iqtisadi və institusional inteqrasiyaya istiqamətlənən platforma kimi inkişafını nəzərdə tutur. Hazırda TDT-nin əsas üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti təşkilatda müşahidəçi statusuna malikdir. Təşkilatın fəaliyyəti siyasi dialoqdan iqtisadiyyat, nəqliyyat, enerji, təhsil, elm, mədəniyyət, turizm, fövqəladə halların idarə olunması və rəqəmsal inkişafa qədər genişlənib.
2020-ci ilin digər mühüm hadisəsi Azərbaycan–Ermənistan müharibəsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası oldu. Bu proses Türk dünyasının geosiyasi dinamikasına da təsir göstərdi. 15 iyun 2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan–Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəltdi və sonrakı mərhələdə bu strateji müttəfiqlik TDT çərçivəsində ortaq təşəbbüslərin formalaşmasına əlavə siyasi baza yaratdı. Bakı–Ankara münasibətlərinin gücü TDT-nin ümumi institusional potensialını artıran faktorlardan biri kimi çıxış edir.
Şuşadan Qəbələyə: siyasi və institusional dərinləşmə
6 iyul 2024-cü ildə Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi həm siyasi, həm də simvolik baxımdan mühüm hadisə oldu. Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı olması şəhərin ümumtürk mədəni məkanındakı mövqeyini daha da gücləndirmişdi. Zirvədə qəbul edilən Qarabağ Bəyannaməsində siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsi, həmçinin Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin inkişafı xüsusi vurğulandı. Prezident İlham Əliyevin TDT-nin dünya miqyasında güc mərkəzlərindən birinə çevrilə biləcəyi barədə yanaşması da təşkilatın regional əməkdaşlıqdan daha geniş siyasi vizyona keçidini ifadə edirdi.
Azərbaycanın TDT-dəki rolunu təşəbbüskarlıq, ev sahibliyi, geoiqtisadi əlaqələndirmə, diplomatik təcrübə və siyasi gündəliyin formalaşdırılması kimi bir neçə səviyyədə qiymətləndirmək mümkündür. Bu rol 7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilən TDT-nin 12-ci Zirvə görüşündə daha aydın şəkildə üzə çıxdı. “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunan Zirvənin sonunda Qırğızıstan TDT-də sədrliyi Azərbaycana təhvil verdi. Qəbələ Bəyannaməsində regional və beynəlxalq sülh, təhlükəsizlik, suverenlik və ərazi bütövlüyü prinsiplərinə diqqət yetirildi. “TDT+” formatının yaradılması isə təşkilatın xarici tərəfdaşlarla müxtəlif sahələrdə əməkdaşlıq edə bilən daha açıq platformaya çevrilməsi baxımından mühüm institusional addım oldu.
Azərbaycan–Türkiyə tandemi
TDT-nin inkişafında Türkiyənin rolunu Azərbaycanın rolundan ayrı təsəvvür etmək mümkün deyil, lakin iki ölkənin funksiyalarını eyniləşdirmək də düzgün olmaz. Türkiyə təşkilatın strukturlaşmasının tarixi və siyasi dayaqlarından biridir. Azərbaycan isə xüsusilə Cənubi Qafqaz–Mərkəzi Asiya xəttində geosiyasi və geoiqtisadi əlaqələndirici mərkəzlərdən birinə çevrilib. Türkiyənin TDT-yə yanaşmasında siyasi həmrəylik, nəqliyyat və iqtisadi inteqrasiya, həmçinin institusional inkişaf xüsusi yer tutur. 2025-ci il Qəbələ Zirvəsində Prezident Rəcəb Tayyib Ərdoğan TDT-nin regional sabitlik və təhlükəsizlik baxımından daha effektiv rol oynamasının vacibliyini vurğuladı. 7 mart 2026-cı ildə İstanbulda TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısının keçirilməsi də Türkiyənin təşkilatın gündəliyinə verdiyi əhəmiyyətin davam etdiyini göstərdi.
Azərbaycan–Türkiyə münasibətlərini TDT daxilində rəqabət deyil, funksional tamamlayıcılıq kontekstində qiymətləndirmək daha doğru olar. Azərbaycanın Cənubi Qafqazda yerləşməsi, Xəzər dənizinə çıxışı, Mərkəzi Asiya ilə nəqliyyat əlaqələri, enerji resursları və Orta Dəhlizdəki mövqeyi ilə Türkiyənin böyük iqtisadiyyatı, diplomatik imkanları, müdafiə sənayesi və Avropa, Yaxın Şərq və Asiya arasında strateji mövqeyi bir-birini tamamlayır. Bu tandem TDT-nin ümumi imkanlarını genişləndirən əsas komponentlərdən biridir.
2026: rəqəmsal inkişaf və yeni əməkdaşlıq sahələri
15 may 2026-cı ildə Qazaxıstanın Türküstan şəhərində keçirilən TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün əsas mövzusu “Süni intellekt və rəqəmsal inkişaf” idi. Zirvədə TDT Katibliyinin institusional və rəqəmsal imkanlarının gücləndirilməsi ilə bağlı qərarlar qəbul edildi. Bu, təşkilatın gündəliyinin klassik nəqliyyat, enerji və ticarət sahələrindən süni intellekt, rəqəmsal xidmətlər, elektron ticarət və texnoloji inteqrasiya istiqamətinə doğru genişləndiyini göstərir. Beləliklə, Orta Dəhliz anlayışı da yalnız fiziki nəqliyyat marşrutu deyil, rəqəmsal və iqtisadi əlaqələndirmə platforması kimi nəzərdən keçirilməyə başlayır.
Orta Dəhliz və təhlükəsizlik gündəliyi
TDT-nin qlobal vizyonundan danışarkən Orta Dəhlizi ayrıca qeyd etmək zəruridir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin və Mərkəzi Asiyadan Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxışı təmin edən çoxmodallı nəqliyyat sistemidir. Azərbaycan marşrutun əsas coğrafi halqalarından, Türkiyə isə Avropa istiqamətində strateji çıxış nöqtələrindən biridir. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt limanı və Trans-Xəzər marşrutları Azərbaycanı Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında mühüm əlaqələndirici ölkəyə çevirir. Orta Dəhliz buna görə yalnız iqtisadi layihə deyil, TDT-nin geosiyasi çəkisini artıran infrastruktur kimi də çıxış edir.
Regional əməkdaşlıqdan qlobal vizyona
Türk Dövlətləri Təşkilatının 2020–2026-cı illərdəki inkişafı göstərir ki, təşkilat ilkin mədəni və humanitar əməkdaşlıq çərçivəsini əhəmiyyətli dərəcədə genişləndirib. 2020-ci ildə Azərbaycan təşəbbüsü ilə keçirilən fövqəladə Zirvə böhran şəraitində həmrəylik mexanizminin formalaşmasına imkan verdi; 2024-cü il Şuşa Zirvəsi siyasi və geoiqtisadi gündəliyi yeni mərhələyə çıxardı; 2025-ci il Qəbələ Zirvəsi və Azərbaycanın sədrliyə başlaması regional sülh və təhlükəsizlik məsələlərinin çəkisini artırdı; 2026-cı il Türküstan Zirvəsi isə süni intellekt və rəqəmsal inkişafı təşkilatın prioritetləri sırasına gətirdi.
TDT-nin gələcəyini yalnız “Türk dövlətlərinin təşkilatı” kimi deyil, Avrasiya məkanında siyasi, iqtisadi, nəqliyyat, texnoloji və humanitar əlaqələndirmə platforması kimi də təsəvvür etmək mümkündür. Bunun üçün siyasi həmrəyliyin davamlılığı, iqtisadi və nəqliyyat inteqrasiyasının dərinləşdirilməsi və institusional mexanizmlərin gücləndirilməsi vacibdir. Başqa sözlə, Türk Dövlətləri Təşkilatının qarşısında artıq yalnız “birlikdə olmaq” deyil, birlikdə daha çox iş görmək, ortaq iqtisadi və texnoloji məkan yaratmaq və beynəlxalq sistemdə vahid və konstruktiv səs kimi çıxış etmək vəzifəsi dayanır. Türk dünyasının regional əməkdaşlıq mərhələsindən qlobal vizyon mərhələsinə keçidinin əsas məzmunu da məhz budur.
İsmayıl NƏSİROV, Fatih Sultan Mehmet Vakıf Universitetinin tarix üzrə doktorantı, tədqiqatçı
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Ankarada yaşayan Azərbaycan icması ilə görüşüb
Prezident İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər