09 sentyabr 2026 20:09
195

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Ankarada yaşayan Azərbaycan icması ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə səfəri çərçivəsində sentyabrın 9-da Ankarada yaşayan Azərbaycan icması ilə görüşüb.

“İki sahil” xəbər verir ki, Türkiyə paytaxtında fəaliyyət göstərən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyində baş tutan görüşdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları də iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

TBMM-in Azərbaycanla Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Türkiyə-Azərbaycan qardaşlığının əhəmiyyətindən danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hər keçən gün yeni uğurlara imza atdığını vurğulayıb. Türkiyəli deputat qapısının soydaşlarımıza daim açıq olduğunu qeyd edib. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini Pərviz Məmmədzadə bildirib ki, hazırda TADEF-in tərkibinə 25 dərnək daxildir. Onun sözlərinə görə, TADEF-in əsas qayəsi Azərbaycanın maraqlarına dəstək verməkdir. “Federasiyamız yeni dərnəklərlə də əməkdaşlığa hazırdır. Türkiyədə yaşayan bütün soydaşlarımın problemləri ilə məşğul olmağa hazırıq. Bu, bizim işimizdir”, - deyə P.Məmmədzadə vurğulayıb.

Komitə sədri Fuad Muradov indiyədək həyata keçirilən çoxşaxəli fəaliyyət istiqamətləri barədə və dövlətimizin başçısının xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladıb. Soydaşlarımıza dünya azərbaycanlılarının birliyini gücləndirmək məqsədilə sistemli şəkildə həyata keçirilən layihələr barədə müfəssəl məlumat verilib. İcma təmsilçiləri öz növbəsində Diasporla İş üzrə Dövlət Komitəsinin işini yüksək qiymətləndiriblər, fəaliyyətləri barədə məlumat veriblər, təkliflərini səsləndiriblər. Soydaşlarımız müasir platformalarda bir araya gələrək daha məhsuldar və səmərəli birlik mühiti yaratdıqlarını, bu cür görüşlərə maraqlarının artdığını ifadə ediblər. Görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Komitə sədri təkliflərə baxılacağını bildirib.

Tədbirin sonunda Dövlət Komitəsinin adından Ankarada diaspor fəaliyyətində aktiv olan icma üzvləri təltif edilib.