08 sentyabr 2026 16:31
115

“ƏDV geri al” layihəsinin tətbiqi uğurla davam etdirilir

 

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 139 milyon 829,14 min manat olub.

2026-cı ilin yanvar – avqust aylarında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“Tax free”) məbləği  6 milyon 208,3 min manat təşkil edib. 

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 23 mln. manatdan çoxu vətəndaşlara qaytarılıb

Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir. 

2026-cı ilin yanvar - avqust ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 23 milyon 206,73 min manat təşkil edib.

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,8 faiz artıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 116.055 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinəimkan yaradıb. 

2026-cı ilin yanvar – avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 424,07 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 638,8 milyon manat, yaxud 14,8 faiz çoxdur.