08 sentyabr 2026 10:23
87

İsmail Serageldin: Xəzər hövzəsini bölüşən 5 ölkənin – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın əməkdaşlığı zəruridir

Hazırda iqlim dəyişmələrinin sürətlənməsi ilə yanaşı, qeyri-müəyyənliyin də artması müşahidə olunur. İqlim dəyişmələri təbiət hadisələrinin həm intensivliyini, həm də tezliyini artırır. Nəticədə yağıntısız dövrlər, həddindən artıq yağıntılar və daşqınlar artır, su ehtiyatlarının əlçatanlığı isə azalır.

“İki sahil” xəbər verir ki, bu fikirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldin deyib. O bildirib ki, Xəzər dənizinin səviyyəsinin azalması məsələsi artıq şübhə doğurmur və qarşıdakı dəyişikliklər kifayət qədər dərin olacaq: “Bu, yalnız ekoloji məsələ deyil. Bu dəyişikliklər ekosistemlərə və biomüxtəlifliyə təsir göstərir. Eyni zamanda, sahil zolağı, burada yaşayan icmalar, limanlar, mövcud liman infrastrukturunun əlçatanlığı və bütün Xəzərboyu icmaların iqtisadi bazası da bu prosesdən təsirlənir”. Onun sözlərinə görə, heç bir ölkə bu problemlə təkbaşına mübarizə apara bilməz. Bu baxımdan, Xəzər hövzəsini bölüşən 5 ölkənin – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın əməkdaşlığı zəruridir.

İsmail Serageldin Azərbaycanın bu istiqamətdə aparıcı rol oynaya biləcəyini vurğulayıb. O, 5 ölkənin birgə fəaliyyətini nəzərdə tutan planlı proqramın hazırlanmasının vacibliyini diqqətə çatdırıb.

“Bu proqram bir neçə istiqaməti əhatə etməlidir: ekoloji, iqtisadi, infrastruktur və sosial. Sosial istiqamətə yerli icmaların da cəlb edilməsi daxildir. Təcrübə göstərir ki, problemlərin həllində bu, ən səmərəli yanaşmadır”, – deyə o əlavə edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının həmsədri Xəzərdə baş verən proseslərin yalnız ekoloji problem kimi qiymətləndirilməməli olduğunu bildirib. Onun sözlərinə görə, bu, uzunmüddətli və regional xarakter daşıyan çağırışdır və bütün tərəflərin əməkdaşlığını tələb edir.