08 sentyabr 2026 01:15
96

Orta Dəhlizin və Qazaxıstanın nəqliyyat terminallarının rəqəmsallaşdırılması müzakirə edilib

“Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti (KTZ) Çin şirkətləri ilə Orta Dəhlizin və Qazaxıstanın nəqliyyat terminallarının rəqəmsallaşdırılması, həmçinin nəqliyyat infrastrukturunun modernləşdirilməsi məsələlərini müzakirə edib.

“İki sahil” “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, şirkətin İdarə Heyətinin sədri Eljas Otınşiyev “Global DTC Ltd” şirkətinin baş direktoru Yeong Vee Tan, “Shanghai International Port (Group) Co., Ltd.” (SIPG) şirkətinin vitse-prezidenti və “NIZE Intelligent Technology” şirkətinin sədri Liu Çanman ilə işgüzar görüş keçirib. Danışıqlar Şanxayda imzalanmış Orta Dəhlizin və Qazaxıstanın nəqliyyat terminallarının rəqəmsallaşdırılması sahəsində strateji əməkdaşlığa dair üçtərəfli çərçivə sazişi çərçivəsində aparılıb.

Görüşdə əsas diqqət “Terminal Operating System” (TOS) sisteminin tətbiqinə yönəldilib. Tərəflər terminalların idarə edilməsinin optimallaşdırılması məqsədilə müasir əməliyyat sisteminin inteqrasiyasının praktiki aspektlərini nəzərdən keçirib, həmçinin dəmir yolu stansiyaları və limanların rəqəmsal transformasiyasının növbəti mərhələsinin həyata keçirilməsi üzrə addımları müəyyənləşdiriblər. Bununla yanaşı, tranzit potensialının inkişafı, Qazaxıstanın nəqliyyat infrastrukturunun gücləndirilməsi və regional nəqliyyat əlaqələrinin genişləndirilməsinə yönəlmiş tərəfdaşlığın strateji imkanları müzakirə olunub.

Görüş iştirakçıları birgə İT həllərinin və qabaqcıl texnologiyaların tətbiqinin logistika zəncirlərinin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracağına və əsas marşrutlarda yüklərin emalını sürətləndirəcəyinə əminlik ifadə ediblər.