07 sentyabr 2026 21:04
106

Rəhman Quliyev: Payız aylarında Qəbələ, Quba, Şəki, Qax və Zaqatala rayonlarına turların daha çox olacağını gözləyirik

Payız mövsümünün gəlişi ilə turizm bazarında yeni istiqamətlər və səyahət imkanları ön plana çıxır. Bu dövrdə, xüsusilə təbiət mənzərələrini və sakit istirahət məkanlarını axtaran turistlərin bölgələrə marağı artır. Payız aylarında Qəbələ, Quba, Şəki, Qax və Zaqatala rayonlarına turların daha çox olacağını gözləyirik.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə maarifləndirmə və dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev deyib. O bildirib ki, eyni zamanda, həftəsonu turları və qısa müddətli səyahətlərə marağın artması mümkündür. “Qiymət baxımından da payız mövsümünün yayla müqayisədə daha əlçatan olması turistlər üçün əlavə üstünlük yaradır. Tur şirkətləri bu mövsümdə daha çox kampaniya və xüsusi tur paketləri təqdim edə bilər. Xüsusilə ailəvi və dost qrupları üçün nəzərdə tutulan büdcəli turlara tələbat gözlənilir. Xarici istiqamətlərdə isə yaxın ölkələrə, xüsusilə qısamüddətli səyahət imkanlarına maraq yüksək olacaq. Ümumilikdə payız mövsümünün turizm sektoru üçün kifayət qədər aktiv keçəcəyini və daxili turizmə marağın qorunacağını gözləmək olar. Turistlərə isə səfər etməzdən əvvəl qiymətləri müqayisə etməyi və hava şəraitinə uyğun tur paketləri seçməyi tövsiyə edirəm”, - deyə R.Quliyev diqqətə çatdırıb.