Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "yaşıl" təyinatlı istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçirilib.
Bu barədə "İki sahil" "SOCAR Capital"a istinadən xəbər verir.
Məlumata görə, sayca altıncı kupon ödənişi çərçivəsində istiqraz sahiblərinin hesablarına ümumilikdə 3 milyon ABŞ dolları köçürülüb. Bununla da SOCAR-ın "yaşıl istiqrazları" üzrə investorlara ödənilən ümumi gəlir 18 milyon ABŞ dollarına çatıb.
Xatırladaq ki, SOCAR-ın "yaşıl" təyinatlı istiqrazları 2025-ci il yanvarın 15-də ölkəmizdə "yaşıl" enerji layihələrinin maliyyələşdirilməsinə dəstək vermək məqsədilə emissiya olunub. Bu istiqrazlar 5 illik müddətə buraxılıb, illik gəliri 6 %-dir və investorlar tərəfindən böyük maraqla qarşılanıb.
2025-ci il martın 7-dən etibarən Bakı Fond Birjasında (BFB) ticarət olunan SOCAR-ın "yaşıl istiqrazları" daxili kapital bazarında aktivliyin artmasına mühüm töhfə verib. Bu günədək BFB-də həmin istiqrazlar üzrə 55,6 milyon ABŞ dolları həcmində 580 əqd bağlanıb.
Ümumilikdə, SOCAR-ın hazırda tədavüldə olan istiqrazları üzrə BFB-də aparılan ticarətin həcmi 141 milyon ABŞ dolları təşkil edib. Bağlanmış əqdlərin sayı isə 1 850-yə çatıb. Bu əqdlər BFB-də korporativ istiqrazlar üzrə bağlanmış bütün əqdlərin 21 %-ni təşkil edir.
Qeyd edək ki, SOCAR istiqrazlarının 2016-cı ildəki ilk buraxılışından bu günədək investorlara ümumilikdə 64 milyon 375 min ABŞ dolları faiz gəliri ödənilib.
Marketmeykeri "ABB İnvest" investisiya şirkəti olan SOCAR-ın "yaşıl" təyinatlı istiqrazları bütün vergilərdən azaddır. Rüblük kupon ödənişləri tədavül müddətinin sonunadək investorlara ümumilikdə 60 milyon ABŞ dolları gəlir qazandıracaq.
Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyət mənzərəsi - FOTO/VİDEO
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
Ekoloji əməkdaşlıq növbəti bir parçalanma xətti deyil, körpü olaraq qalmalıdır - Muxtar Babayev
Nazir müavini: Azərbaycanda bərpaolunan enerjinin inkişafı olduqca sürətlə gedir