07 sentyabr 2026 12:04
93

Nazir müavini: Azərbaycanda bərpaolunan enerjinin inkişafı olduqca sürətlə gedir

COP29-un əsas məqsədi müəyyən edilən istiqamətdə irəliləmək və iqlim dəyişikliyi ilə mübarizə üzrə kursu davam etdirmək üçün kifayət qədər maliyyə resurslarının təmin olunduğuna əmin olmaq idi. COP29-da inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsinin 2035-ci ilədək 300 milyard ABŞ dollarına çatdırılması barədə razılaşma əldə olunub. Bu məbləğ inkişaf etmiş ölkələrin həmin mərhələdə ödəməyə hazır olduqları vəsaitdən daha yüksək idi. Bizim üçün bu, böyük bir kompromis oldu. Xüsusilə, daha geniş çərçivədə ildə 1,3 trilyon dollarlıq maliyyə resursunun səfərbər edilməsi çox məntiqli qərardır.

“İki sahil” xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Elnur Soltanov “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində keçirilən "Bakıdan COP31-ə: Parçalanmış dünyada dinamikanın saxlanılması" mövzusunda panel sessiyadakı çıxışında deyib.

“Azərbaycan neft ölkəsi kimi öz ehtiyatlardan bir çox digər ölkələr qədər bəhrələnməyib. Bu gün isə Azərbaycan yaşıl keçidin ön cəbhəsində olmaq niyyətini nümayiş etdirir. Azərbaycanın ərazisi, əhalisinin sayı və iqtisadiyyatının miqyası nəzərə alındıqda, bərpaolunan enerjinin inkişafı olduqca sürətlə gedir. Sözügedən proses isə ölkənin təbii resursları, coğrafi mövqeyi, iqtisadi potensialı və enerji tələbatının miqyası ilə bağlıdır. Düşünürəm ki, biz yaşıl enerjinin təşviqi baxımından regionda aparıcı mövqedəyik və artıq bu istiqamətdə liderlik edirik”, - deyə nazir müavini bildirib.