05 sentyabr 2026 21:44
123

M. Babayev: COP31-i güclü və etibarlı bir icra vasitəsinə çevirmək üçün Azərbaycan Türkiyənin yanındadır

İstanbul şəhərində Türkiyənin COP31 sədrliyi çərçivəsində baş tutan "İstanbul İqlim Maliyyəsi Sammiti"ndə iqlim ambisiyası ilə icra vasitələri arasındakı böyüyən boşluğu aradan qaldırmaq, maliyyəni geniş miqyasda səfərbər etmək və iqlim təsirləri daha da kəskinləşdikcə dayanıqlılığı gücləndirməyin zəruriliyi müzakirə edilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb.

"Bakıda əldə olunan tarixi COP29 nəticələrinə və Belemdəki COP30-da təqdim olunan 1,3 trilyon ABŞ dollarına doğru Bakı-Beləm Yol Xəritəsinə əsaslanaraq, indi diqqətimiz öhdəlikləri real maliyyə axınlarına və icraya çevirməyə yönəlməlidir", - o bildirib və əlavə edib ki, Antalyadakı COP31-ə doğru irəliləyərkən, Türkiyənin icraya güclü diqqət yetirməsi məmnunluqla qarşılanıb.

M. Babayev vurğulayıb ki, COP31-i güclü və etibarlı bir icra vasitəsinə çevirmək üçün Azərbaycan Türkiyənin yanındadır.

Xatırladaq ki, sammitdə Azərbaycanı Türkiyənin COP31 sədrliyinin Məşvərət Heyətinin üzvləri qismində M. Babayev və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.