Çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsinin qalibi Camal Feyziyev: Azərbaycan bayrağını ən uca zirvələrdə dalğalandıracağam
Güləşdə qələbə yalnız fiziki gücün deyil, iradənin, səbrin və sona qədər mübarizə aparmaq əzminin də göstəricisidir. Bu idman növündə illərlə davam edən məşqlər, ağır rejim, məğlubiyyətlərdən nəticə çıxarmaq və hər dəfə daha güclü qayıtmaq bacarığı böyük uğurların əsasını təşkil edir. Azərbaycan güləşində artıq öz sözünü demiş idmançılardan biri də ağır çəkidə mübarizə aparan, çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsinin qalibi Camal Feyziyevdir.
Beş yaşından güləşlə məşğul olan Camal Feyziyevin idman yolunun başlanğıcında ilk məşqçisi Akif Əliyevin xüsusi rolu olub. Hələ uşaq yaşlarında onun potensialını görən məşqçinin dəvəti ilə güləş zalına gələn Camal bu gün 11 qat Avropa və 4 qat dünya çempionu kimi böyük uğurlara imza atıb. Onun üçün isə qazanılan titulların fövqündə dayanan daha böyük bir dəyər var – beynəlxalq arenada Azərbaycan bayrağının yüksəlməsini görmək.
2015-ci ildə, hələ ilk Avropa çempionatında iştirak etdiyi vaxt yunan-Roma güləşi üzrə 100 kiloqram çəki dərəcəsində Avropa çempionu olması onun karyerasında mühüm dönüş nöqtəsinə çevrilib. O vaxtdan etibarən müxtəlif güləş növləri üzrə Avropa və dünya çempionatlarında qazandığı medallar, qarşılaşdığı çətin rəqiblər və yaşadığı qələbə və məğlubiyyətlər onun peşəkar idmançı kimi formalaşmasında mühüm rol oynayıb.
Bu gün karyerasının ən parlaq dövrünü yaşadığını düşünən Camal Feyziyev qarşısına yeni və daha böyük hədəflər qoyur. O, ağır çəkidə Azərbaycanı layiqincə təmsil etmək, dəfələrlə dünya çempionu olmaq və ölkə güləşinin tarixində özünəməxsus iz qoymaq niyyətindədir. Çempionun fikrincə, bütün bunlara aparan yolda fiziki hazırlıq qədər psixoloji möhkəmlik və məğlubiyyətdən nəticə çıxarmaq bacarığı da vacibdir.
“Əgər məğlubiyyətin nə olduğunu bilməsəydim, bu gün qələbənin nə demək olduğunu da tam anlaya bilməzdim” deyən Camal Feyziyev üçün anasının illər əvvəl söylədiyi “Məğlubiyyət qələbənin başlanğıcıdır” fikri də bu günədək dəyişməz motivasiya mənbəyidir.
Çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində qazandığı növbəti qələbədən sonra onunla güləşə gəlişindən, karyerasının yaddaqalan anlarından, peşəkar idmanın görünməyən tərəflərindən, məğlubiyyətlərin verdiyi dərslərdən və qarşıdakı böyük hədəflərindən danışdıq.
-Əvvəlcə özünüzü oxucularımıza təqdim edək. Güləşə marağınız necə yarandı və sizi bu idman növünü seçməyə sövq edən nə oldu?
-Mən, Camal Feyziyev Cəlal oğlu, 17 iyun 2000-ci ildə anadan olmuşam. Güləşə ilk addımlarımı atmağımda böyük rol oynayan və məni bu idmana gətirən ilk müəllimim Akif Əliyev olub. Akif müəllim məni ilk dəfə Binədə məhəllələrarası qaçış yarışında görüb. Həmin vaxt balaca və kök uşaq idim. O, məndə gələcəkdə güclü güləşçi olmaq potensialı gördüyünə inanaraq, evimizə gələrək məni Binədəki 136 nömrəli məktəbin güləş zalında məşqlərə dəvət etdi. Mən böyük qardaşım Cavid Feyziyevlə birlikdə məşqlərə başladım. Bizə güləşi sevdirən məhz Akif müəllim oldu. Bu gün də onun əməyini və mənə verdiyi dəstəyi böyük minnətdarlıqla xatırlayıram. Artıq beş yaşımdan güləşlə məşğulam və həyatımın böyük bir hissəsi bu idman növü ilə bağlıdır.
-Bu gün beynəlxalq yarışlarda qazandığınız qələbələrə nəzər salanda, karyeranızın hansı mərhələsini dönüş nöqtəsi hesab edirsiniz?
-Şükürlər olsun ki, 2015-ci ildə ilk böyük uğurumu qazandım. Həmin il yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Avropa çempionatında 100 kq çəki dərəcəsində Avropa çempionu oldum. Bundan sonra hər il Avropa və dünya çempionatlarında müxtəlif güləş növləri üzrə iştirak etmiş, dəfələrlə medal və qızıl medal qazanmışam. Hazırda 26 yaşım var və hesab edirəm ki, karyeramın ən parlaq dövründəyəm. Qarşıda hələ çox böyük hədəflərim və qazanmaq istədiyim titullar var.
-Güləş həm fiziki hazırlıq, həm taktiki düşüncə, həm də böyük psixoloji dözüm tələb edir. Sizcə, qalib güləşçini digərindən fərqləndirən ən mühüm xüsusiyyət nədir?
-Güləşin növündən asılı olmayaraq, ən vacib amil psixoloji hazırlıqdır. Mənim üçün güc və dözümlülük bundan sonra gəlir. Peşəkar güləşçidə mütləq şəkildə üç əsas xüsusiyyət olmalıdır: psixoloji hazırlıq, fiziki hazırlıq və dözümlülük. Bu üç amil bir-birini tamamlayır. Əgər güləşçi həm fiziki, həm də psixoloji cəhətdən hazırdırsa və sona qədər mübarizə aparmaq gücünə malikdirsə, onun uğur qazanmaq şansı daha yüksəkdir.
-Xarici arenada Azərbaycanı təmsil etmək, tatami və ya xalça üzərinə ölkə bayrağının rəngləri ilə çıxmaq sizdə hansı hissləri yaradır? Qələbədən sonra Azərbaycan bayrağının yüksəldiyini görmək sizin üçün nə deməkdir?
-Bildiyiniz kimi, mən 11 qat Avropa və 4 qat dünya çempionuyam. Mən deyərdim ki, qazandığım bütün uğurlar arasında ən gözəl hiss kürsünün birinci pilləsində dayanaraq Azərbaycan bayrağının yüksəklərdə dalğalandığını görməkdir. Bu hissi yalnız həmin anı yaşayan insanlar tam anlaya bilər. Azərbaycan bayrağının yüksəlməsi mənim üçün böyük şərəfdir. Mən bütün media nümayəndələrimizə söz vermişəm ki, hər zaman ağır çəkili Camal Feyziyev olaraq bayrağımızı ən uca zirvələrdə dalğalandıracağam. Allah bu gözəl hissi bütün idmançılarımıza yaşamağı nəsib etsin. Amin!
-Karyeranızda heç vaxt unutmayacağınız bir qarşılaşma varmı? Həmin yarışın və ya rəqibin sizdə xüsusi iz buraxmasının səbəbi nədir?
-Bəli, belə bir qarşılaşma var. 2015-ci ildə Serbiyanın Subotiça şəhərində keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatında final görüşündə rusiyalı idmançı ilə qarşılaşdım. Həmin yarış mənim Avropa çempionatında ilk çıxışım idi. Finalda qarşılaşdığım rusiyalı güləşçi çox güclü rəqib idi. Buna baxmayaraq, görüşü 2:1 hesabı ilə qələbə ilə başa vurdum və ilk dəfə Avropa çempionu adına layiq görüldüm. İlk Avropa çempionluğumu qazandığım üçün həmin qarşılaşma mənim üçün xüsusi əhəmiyyət daşıyır və karyeramın ən yaddaqalan anlarından biridir.
-Peşəkar güləşçinin gündəlik həyatında tamaşaçıların görmədiyi hansı çətinliklər var? Məşqlər, rejim, məğlubiyyətlər və psixoloji təzyiq arasında motivasiyanı necə qoruyursunuz?
-Peşəkar idmançının həyatında tamaşaçıların görmədiyi çoxsaylı çətinliklər var. Biz gündə iki dəfə məşq edirik və il ərzində məşqlərə demək olar ki, fasilə verilmir. Formada qalmaq və hər yarışa qələbə üçün hazırlaşmaq böyük zəhmət və intizam tələb edir. Ağır çəkidə çıxış etdiyim üçün hazırlıq prosesində bəzi fərqlər də var. Lakin məğlubiyyətin məni psixoloji cəhətdən sarsıtmasına heç vaxt imkan vermirəm. Çünki mən hər zaman özümü kürsünün birinci pilləsində görmüşəm. Motivasiya səviyyəm çox yüksəkdir. Hətta məşq yoldaşlarıma da daim motivasiya verməyə çalışıram.
-Güləşçi olmaq istəyən, amma qarşısına ilk çətinlik çıxanda ruhdan düşən gənclərə nə deyərdiniz? Siz öz karyeranızda məğlubiyyətlərdən hansı dərsləri götürmüsünüz?
-Məncə, güləşçi olmaq istəyən insan ilk növbədə motivasiyalı olmalıdır. Güləşə başlamısansa, hamı mənimlə razılaşar ki, ilk addımlardan etibarən məğlubiyyətlərlə də qarşılaşırsan. Buna görə heç vaxt ruhdan düşmək olmaz. Mən özüm də məğlubiyyətlər yaşamışam. Əgər məğlubiyyətin nə olduğunu bilməsəydim, bu gün qələbənin nə demək olduğunu da tam anlaya bilməzdim. Hər məğlubiyyət insana bir dərs verir və daha güclü qayıtmaq üçün səbəb olur. Allah bütün valideynlərə can sağlığı versin. Anamın mənə hər zaman dediyi bir söz var: “Məğlubiyyət qələbənin başlanğıcıdır”. Mən bu sözdən hər zaman dərs götürmüşəm və gənc idmançılara da bunu unutmamağı tövsiyə edirəm.
-Qarşıdakı illərlə bağlı ən böyük arzunuz və hədəfiniz nədir? Azərbaycan güləşində öz adınızı hansı uğurlarla yadda saxlamaq istəyirsiniz?
-Qarşıdakı illərdə, inşallah, ən böyük hədəflərimdən biri yığma komandamızın baş məşqçisi və mənim ən böyük motivasiyam olan dünya çimərlik güləşində "Big Gun" ləqəbiylə tanınan Oyan Nəzərianiylə birlikdə qarşımıza qoyduğumuz məqsədlərə çatmaqdır. Dəfələrlə dünya çempionu olmaq və Azərbaycanı ağır çəkidə təmsil edən idmançı kimi tarixə düşmək istəyirəm. İnanıram ki, qarşıdakı illərdə daha böyük uğurlara imza atacağıq. Biz bunu edəcəyik, Allahın izni ilə!
Camal Feyziyevə səmimi müsahibə və dəyərli fikirlərini oxucularımızla bölüşdüyü üçün təşəkkür edir, ona qarşıdakı yarışlarda möhkəm iradə, uğurlu çıxışlar və yeni qələbələr arzulayırıq. İnanırıq ki, onun peşəkarlığı, əzmi və Azərbaycan bayrağını ən uca zirvələrdə dalğalandırmaq arzusu bundan sonra da böyük uğurlarla müşayiət olunacaq. Qarşıdakı illərdə Camal Feyziyevin adını daha böyük qələbələr və yeni çempionluqlarla eşitmək diləyi ilə ona möhkəm cansağlığı, uğurlar və tükənməz güc arzulayırıq. Yolunuz açıq, zəfərləriniz bol olsun, Camal bəy!