03 sentyabr 2026 17:20
52

Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində sentyabrın 3-də BMT-nin Cenevrə bölməsinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə gələn il Azərbaycanın BMT-yə üzvlüyünün 35 ili tamam olduğu xatırlanıb, ötən illər ərzində Azərbaycanın BMT-nin işinə verdiyi töhfələr, gördüyü işlər və keçirdiyi tədbirlər yüksək qiymətləndirilib.

Milli Məclisin sədri çoxtərəfliliyin inkişaf etdirilməsində parlament diplomatiyasının rolu barədə fikirlərini bölüşüb. S.Qafarova yeni yaradılmış və artıq güclü əsaslara malik olan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin gördüyü işlər barədə qarşı tərəfə məlumat verib. Eyni zamanda, dünyanın ən böyük parlament təşkilatı olan Parlamentlərarası İttifaq (PAİ) barədə də danışılıb. Tərəflər BMT ilə PAİ arasında əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə demokratik idarəetmənin gücləndirilməsində parlamentlərin mühüm rolu və tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.