03 sentyabr 2026 11:30
67

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi: Mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstək məhduddur

2020-ci il müharibəsinin başa çatmasından sonra Azərbaycanda 437 nəfər mina partlayışlarının qurbanı olub – həlak olub və ya xəsarət alıb. Hər yeni qurban təkcə humanitar faciə deyil, bu, ailələr üçün psixoloji zərbədir. Eyni zamanda, cəmiyyətə müharibənin hələ tam olaraq geridə qalmadığını xatırladan bir mesajdır. Bu isə qaçılmaz olaraq normallaşma prosesinə, cəmiyyətin inamına mənfi təsir göstərir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı deyib.

"Məhz buna görə hesab edirəm ki, bu gün baş verən hər mina partlayışının nəticələri bilavasitə zərərçəkən şəxsdən çox-çox uzaqlara gedib çıxır. Bu, sülhün qurulduğu mühitə təsir edir. Bu məsələ Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Çünki söhbət kiçik və təcrid olunmuş çirklənmiş ərazidən getmir. Ərazimizin 13 faizindən çoxu minalar və partlamamış hərbi sursatlarla çirklənib. Müharibənin başa çatmasından təxminən 6 il sonra belə, minalarla çirklənmiş ərazilərin 75 faizi hələ də ölüm toxumlarını özündə daşıyır. Bu, insan təhlükəsizliyi və insanların öz evlərinə qayıdışı baxımından son dərəcə ciddi problemdir. Bu məsələnin təcili həllini zəruri edən daha bir məqam var. Azərbaycan bu gün regionumuzda, bəlkə də, dünyada münaqişədən sonrakı ən böyük yenidənqurma səylərindən birini həyata keçirir. Keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Kəndlər və şəhərlər yenidən qurulur, yollar, məktəblər, xəstəxanalar və iqtisadi infrastruktur yaradılır. Lakin çox sadə bir həqiqət var: Torpağın altındakı təhlükəni aradan qaldırmadan icmanı yenidən qurmaq mümkün deyil. Ona görə də biz minatəmizləmədən danışarkən, eyni zamanda, qayıtmaq, yenidən qurmaq və qorxu olmadan yaşamaq hüququndan danışmalıyıq”, - deyə o diqqətə çatdırıb.

Elçin Əmirbəyov vurğulayıb ki, Azərbaycan bu günədək mina təhlükəsi ilə mübarizə səylərinə dəstək vermiş hər bir ölkəyə və təşkilata səmimi minnətdarlığını bildirir. “Biz bunu həm bilavasitə zərər çəkmiş insanlara, həm də Azərbaycana göstərilən dostluq və həmrəyliyin əlaməti kimi qiymətləndiririk. Lakin beynəlxalq dəstəyin miqyası hələ də olduqca məhduddur. Maliyyələşmənin təxminən 95 faizi Azərbaycanın öz dövlət resursları hesabına təmin olunur. Təxminən 5 faiz xarici mənbələrdən gəlir. Biz hesab edirik ki, bu nisbət dəyişə bilər və dəyişməlidir", - deyə Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib.