Cari ilin yanvar–iyul aylarında radio avadanlıqlarının mülki dövriyyəsinə xüsusi icazə alınması məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən 732 müraciət daxil olub. Qeyd edilən müraciətlər çərçivəsində ümumilikdə 39 268 ədəd müxtəlif marka və model avadanlığa dair qanunvericiliyə uyğun olaraq İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən müvafiq tədbirlər görülüb.
Baxılmış müraciətlər əsasında 9990 ədəd radio avadanlığının mülki dövriyyəsinə xüsusi icazə verilib. Müraciətlərdə qeyd edilmiş 174 ədəd radio avadanlığına isə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi icazənin verilməsindən imtina edilib. Xüsusi icazə verilməsindən imtinanın hüquqi və faktiki əsasları müraciət sahiblərinə ünvanlanmış məktublarda ətraflı şəkildə göstərilib.
Aparılmış araşdırmalar nəticəsində müraciətlərdə göstərilmiş29 104 ədəd avadanlığın mülki dövriyyəsinə xüsusi icazə tələb olunmadığı müəyyən edilib. Bu barədə müraciət edən şəxslər və aidiyyəti dövlət orqanları məlumatlandırılıb.
Eyni zamanda, üç hüquqi şəxs tərəfindən təqdim olunmuş müraciətlər əsasında aparılmış hüquqi və texniki araşdırmalar nəticəsində müxtəlif marka və modellərə aid ümumilikdə 476 ədəd avadanlığa verilmiş xüsusi icazələrin ləğv edilməsi barədə qərar qəbul edilib. Qərarlar qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun qaydada rəsmiləşdirilib və icrası təmin olunub.
Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər davam etdirilir.
Xatırladaq ki, 2024-cü ilin mart ayından İKTA tərəfindən “Radioelektron vasitələrə verilən icazələr” elektron xidmətiistifadəyə verilib. Bu xidmətin tətbiqi müraciətlərə daha operativ və səmərəli baxılmasına imkan yaradır.