01 sentyabr 2026 22:53
95

Putin Paşinyanın mövqeyi ilə də razılaşmayıb

Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmaq istəyi onun xalqının qanuni hüququdur, lakin belə kurs ölkənin Avrasiya İqtisadi İttifaqında (Aİİ) gələcək iştirakı üçün çətinliklər yaradır.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

"Ermənistanın Aİ-yə daxil olmağa can atması ölkənin və xalqın təbii, qanuni hüququdur. Ermənistan suveren dövlətdir. Öz inkişaf istiqamətini müəyyənləşdirmək Ermənistan xalqının hüququdur. Lakin bu, Aİİ-də qalmağa çətinliklər yaradır", - Putin deyib.

Görüş zamanı Putin Paşinyanın Ermənistanın Aİİ-dən çıxmaq barədə bəyanat vermədiyi ilə bağlı mövqeyi ilə də razılaşmayıb.

Rusiya liderinin sözlərinə görə, Ermənistanın başqa iqtisadi təşkilata daxil olmaq prosedurunun başlanması haqqında qanun qəbul etməsi faktiki olaraq Aİİ-dən çıxmaq barədə bəyanat deməkdir, çünki eyni vaxtda iki təşkilatda üzvlük mümkün deyil.

"Başqa bir iqtisadi təşkilata daxil olmaq prosedurunun başlanması haqqında qanunun qəbul edilməsi faktiki olaraq bizim təşkilatdan çıxmaq barədə bəyanat deməkdir. Çünki həm orada, həm də burada olmaq mümkün deyil. Problem də bundadır", - Putin vurğulayıb.