31 avqust 2026 12:57
120

Azərbaycan və Çin prokurorluqları arasında Anlaşma Memorandumu imzalanıb

Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfəri çərçivəsində avqustun 31-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda olub.

“İki sahil” xəbər verir ki, səfər proqramına uyğun olaraq əvvəlcə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev arasında təkbətək görüş keçirilib.

Sonra Azərbaycan və Çin nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli görüş baş tutub.

Daha sonra Azərbaycanın Baş Prokurorluğu ilə Çinin Ali Xalq Prokurorluğu arasında Anlaşma Memorandumunun imzalanma mərasimi olub. Sənədi Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Çinin Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq imzalayıblar.

Azərbaycan və Çin arasında dostluq münasibətlərinin inkişaf etdirilməsində, təcrübə mübadiləsinin və qarşılıqlı yardımın təşviqində göstərdiyi müstəsna xidmətlərə görə Yinq Yonq Azərbaycan Baş prokurorunun əmri ilə Azərbaycan Prokurorluğunun 100 illiyi münasibətilə təsis edilmiş yubiley medalı ilə təltif olunub.

Yubiley medalı Baş prokuror Kamran Əliyev tərəfindən Çinin Ali Xalq Prokurorluğunun Baş prokuroruna təqdim olunub.