30 avqust 2026 20:50
117

Praqada trolleybus nəqliyyatının 90 illiyi qeyd olunur

Çexiyanın paytaxtı Praqada trolleybus nəqliyyatının fəaliyyətə başlamasının 90 illiyi qeyd edilir.

“İki sahil” xəbər verir ki, ilk Praqa trolleybusu 28 avqust 1936-cı ildə marşruta çıxıb. Yubiley münasibətilə Ştreşovitse deposundakı Şəhər Nəqliyyatı Muzeyində xüsusi sərgi təşkil olunub. Ekspozisiyada tarixi fotolar, texniki sənədlər və retro trolleybuslar nümayiş etdirilir. Müasir trolleybuslar kontakt şəbəkəsi ilə hərəkət etməklə yanaşı, batareya vasitəsilə avtonom gediş imkanlarına da malikdir. İkinci Dünya müharibəsindən sonrakı dövrdə xeyli genişlənən trolleybus şəbəkəsi 1972-ci ildə tamamilə bağlansa da, yeni minillikdə tədricən bərpa olunmağa başlayıb.

Hazırda şəhərdə 5 trolleybus marşrutu fəaliyyət göstərir. Onlardan 59 nömrəli xətt "Nádraží Veleslavín" metrostansiyasını Vatslav Havel adına Beynəlxalq Hava Limanı ilə birləşdirir. Yubiley tədbirləri çərçivəsində sentyabrın 5-6-da tarixi nəqliyyat vasitələri yenidən şəhər küçələrinə çıxacaq. Sakinlər və turistlər üçün xüsusi pulsuz marşrut da xidmət göstərəcək.