30 avqust 2026 21:47
121

Peskov: Putinlə Paşinyan Ermənistanın Aİ-yə üzvlük istəyini müzakirə edəcək

Rusiya Prezidenti Vladimir Putin Bişkekdə Ermənistanın Baş naziri Nikol Paşinyanla planlaşdırılan görüşü zamanı İrəvanın Avropa İttifaqına (Aİ) qoşulmaq istəyini müzakirə etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ən yüksək səviyyədəki hər bir təmas vacibdir. Prezident, əlbəttə ki, bu görüşdən arqumentlərimizi bir daha təkrarlamaq üçün istifadə edəcək", - Peskov Putin və Paşinyanın qarşıdan gələn görüşünün Ermənistanın Rusiyadan uzaqlaşmasını dayandırmağa kömək edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ölkənin gələcəyi ilə bağlı qərarı ermənilər özləri qəbul etməlidirlər.

"Biz ermənilərdən daha çox erməni ola bilmərik. Və əlbəttə ki, öz taleyi ilə bağlı qərarı ermənilər özləri verəcəklər", - Peskov qeyd edib.

O əlavə edib ki, Rusiya Ermənistana ölkənin gələcək kursu məsələsi ilə bağlı referendum keçirməyi təklif edir. Peskovun sözlərinə görə, analoji təklif Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin başçılarının Astanada keçirilən son sammitində qəbul edilmiş bəyanatında da yer alır.

"Söhbət də elə bütün bunlardan gedəcək", - Rusiya Prezidentinin mətbuat katibi bildirib.