Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov bildirib ki, İtaliyanın hazırkı müdafiə naziri Qvido Krozettonun müşaviri olacaq.
“İki sahil” xəbər verir ki, Fedorovun sözlərinə görə, o, iyul ayında mübahisəli hökumət dəyişiklikləri çərçivəsində Zelenski tərəfindən vəzifəsindən azad edilib. İtaliyanın müdafiə naziri ona “müdafiə sahəsində innovasiyalar üzrə öz müşaviri” olmağı təklif edib.
“Bu vəzifədə mən İtaliyaya müasir müharibəyə uyğun texnologiyalar inkişaf etdirməyə, müdafiə sektorunu təkmilləşdirməyə və təhlükəsizlik sahəsində yeni qlobal çağırışlara uyğunlaşmağa kömək edəcəyəm”, – deyə o, "Facebook"da qeyd edib.
Bununla belə, Fedorov “Ukraynada ölkənin müdafiəsini gücləndirən və beynəlxalq resursların cəlb olunmasına kömək edən layihələr üzərində işləməyə davam etdiyini” bildirib.
Keçmiş nazir bildirib ki, komandası ilə birlikdə “rəqəmsallaşma və müdafiə texnologiyaları sahəsində yeni layihələrin inkişafına həsr olunmuş beynəlxalq səfərə” başlayıb.
Döyüş meydanında, xüsusilə dronlar da daxil olmaqla, yeni texnologiyalardan istifadənin əsas tərəfdarlarından biri olan Mixaylo Fedorov Ukrayna ordusunun komandanı Oleksandr Sırski ilə münaqişəyə girdikdən sonra vəzifəsindən azad edilmişdi. Sırski da sonradan cənab Zelenski tərəfindən dəyişdirilmişdi. Fedorovun vəzifədən uzaqlaşdırılması Ukraynada etiraz aksiyalarına səbəb olmuşdu.