28 avqust 2026 21:28
101

Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

Berlinin əyalət şəbəkəsinə genişmiqyaslı kiberhücumun arxasında hakimiyyətdən 30 bitkoin (təxminən 2 milyon avro) tələb edən və imtina ediləcəyi təqdirdə oğurlanmış məlumatları yaymaqla hədələyən məşhur "Rhysida" haker qruplaşması dayanır.

“İki sahil” xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb.

Tələb barədə məlumat qruplaşmanın öz qurbanlarının məlumatlarını dərc etdiyi darknetdəki "Rhysida" səhifəsində yerləşdirilib. Hakerlər hücum zamanı təxminən 6 terabayt məlumat oğurladıqlarını iddia edirlər.

Bundan əlavə, səhifədə gerisayım taymeri də işə salınıb. Avqustun 28-nə olan vəziyyətə görə, o, Berlinin ödənişi etmək üçün təxminən bir həftəsinin qaldığını göstərirdi.

Hakerlərin məlumatına görə, oğurlanmış məlumatlar arasında inzibati xətalarla bağlı təxminən 80 min işə aid məlumat, 46 500-dən çox müqavilə, məhkəmə sənədləri, kritik infrastruktur obyektləri haqqında məlumatlar, fövqəladə hallarda fəaliyyət planları, parollar və giriş üçün uçot məlumatları olan təxminən 6 min fayl ola bilər.