23 avqust 2026 20:16
108

Qalibaf: ABŞ sanksiyaları bumeranq kimi Amerika iqtisadiyyatına zərbə vurur

Vaşinqtonun Tehrana qarşı sanksiyaları sərtləşdirməsi ABŞ-da xarici siyasət fəallığının azalmasına və iqtisadiyyatın durğunlaşmasına gətirib çıxarır. İrana qarşı təzyiq bumeranq kimi Amerikanın özünə zərbə vurur.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu fikri İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf səsləndirib.

İran parlamentinin spikeri X sosial şəbəkəsində bu "bumeranq effektini" bir neçə fotoşəkillə təsvir edib və qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın ölkədə malların qiymətlərinə nəzarətlə bağlı son sərəncamları istiqrazlar və ipoteka kreditləri bazarlarının canlanmasına təsir göstərə bilməyəcək.

Qalibafın fikrincə, təşəbbüssüz və donmuş xarici siyasət donmuş və durğun iqtisadiyyata gətirib çıxarır: “"İndi hərəkətdə olan yeganə şey İrana qarşı atılan və ABŞ-a geri qayıdan bumeranqdır".

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp görünməmiş miqyasda İrana qarşı "iqtisadi müharibə və təcrid"ə başlandığını elan edib. ABŞ lideri həmçinin xəbərdarlıq edib ki, maliyyə qurumları, şirkətləri, hava limanları və ya dövlət strukturları Tehrana dəstək verən ölkələr ABŞ tərəfindən ciddi iqtisadi nəticələrlə üzləşəcəklər.

İran Xarici İşlər Nazirliyi bununla bağlı bildirib ki, "ABŞ-ın İrana qarşı sanksiya siyasəti iqtisadi terrorizm və insanlığa qarşı cinayətdir".

Məhərrəm Ağalaroğlu, “İki sahil”