Ukrayna Prezidenti Volodimir Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinin ölkə üçün təhlükə yaradacağını bildirib.
“İki sahil” xəbər verir ki, Zelenski bu fikri bazar günü KİV nümayəndələrinə verdiyi açıqlamalarda, keçmiş müdafiə naziri Mixaylo Fedorovun seçkilərin keçirilməsinə yol açılması ilə bağlı mübahisəli çağırışından sonra verib.
"Düşünürəm ki, belə bir müharibə şəraitində seçkilər özü-özlüyündə çox böyük riskdir", – Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, seçkilər Ukraynanı "parçalayacaq" bir "sunami" olardı.
Zelenski aylar ərzində ilk dəfə, iyulun ortalarında Fedorovun vəzifədən azad edilməsi də daxil olmaqla bir sıra siyasi qalmaqallardan sonra jurnalistlərlə görüşdə çıxış edib. Fedorov çərşənbə axşamı kampaniya çarxını xatırladan video yayımlayaraq korrupsiyanı tənqid edib və Rusiyanın ölkəni işğal etməsinə baxmayaraq, seçkilər yolu ilə "demokratik prosesi bərpa etməyə" çağırış edib.
Zelenskinin prezidentlik müddəti 2024-cü ilin mayında başa çatıb. Lakin 2022-ci ilin fevralında başlayan Rusiya ilə münaqişədən bəri qüvvədə olan hərbi vəziyyət şəraitində Ukraynada heç bir seçki keçirilə bilməz.
"Əgər ölkəni məhv etmək istəyiriksə, onda müharibə dövründə seçkilərin keçirilməsi istiqamətində hərəkət edə bilərik. Putinin atəşkəs variantlarını nəzərdən keçirməyə hazır olmadığı indiki şəraitdə bu mümkün deyil", – Zelenski jurnalistlərə bildirib.
Fedorovun açıqlamaları hətta onun tərəfdarları arasında da narahatlıq yaradıb. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun iyul-avqust aylarında keçirdiyi son rəy sorğusuna əsasən, respondentlərin cəmi 15 faizi seçkilərin müharibə başa çatmamış keçirilməli olduğunu düşünür.
Prezidentin Fedorovu vəzifədən azad etmək qərarı ölkənin bir neçə şəhərində minlərlə insanın iştirak etdiyi etiraz aksiyalarına səbəb olub. Bundan sonra Zelenski Fedorovun rəqibi hesab edilən ordu komandanı Oleksandr Sırskini də vəzifəsindən kənarlaşdırıb.
Ukrayna Prezidenti vətəndaşların etiraz etmək hüququnu müdafiə edib, lakin orduya qarşı «hörmətsiz» münasibət və «cəmiyyətlə əsgərlər arasında» parçalanmanın yaratdığı "risk" barədə xəbərdarlıq edib.
"Nə vaxtdan marketinq həyatını qurban verən insanlardan üstün tutulmağa başlayıb?" – deyə o, jurnalistlər qarşısında bildirib.