21 avqust 2026 20:34
109

Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

Qazaxıstan və Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) gələcək inkişafını ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri kimi nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin Qazaxıstan Respublikasının xarici işlər naziri Yermeq Koşerbayev ilə Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əsgərov arasında keçirilən görüşün yekunlarına dair yaydığı məlumatda bildirilib.

Xarici işlər naziri diplomatı vəzifəyə təyin olunması münasibətilə təbrik edib və diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı tərəflər ikitərəfli qarşılıqlı fəaliyyətin aktual məsələlərini, həmçinin Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın və müttəfiqliyin daha da möhkəmləndirilməsi perspektivlərini müzakirə ediblər.

“Dövlət başçıları arasında müntəzəm təmaslar və etimadlı dialoq Qazaxıstan-Azərbaycan münasibətlərinin ardıcıl inkişafının möhkəm təməlidir”, - deyə nazirliyin məlumatında bildirilib.

Yermeq Koşerbayev səfirə Qazaxıstanda həyata keçirilən siyasi və sosial-iqtisadi dəyişikliklər barədə məlumat verib və ölkənin inkişafının yeni mərhələsinə qədəm qoyduğunu qeyd edib. Bu kontekstdə tərəflər avqustun 23-də keçiriləcək Qurultay seçkilərinin Qazaxıstanın yeni konstitusiya modelinin praktiki həyata keçirilməsinin əsas mərhələlərindən biri kimi əhəmiyyətini vurğulayıblar.

Danışıqlar zamanı ticarət-iqtisadi əməkdaşlığa ayrıca diqqət yetirilib. Tərəflər ikitərəfli ticarətin müsbət dinamikasını və qeyri-xammal ixracının genişləndirilməsi, sənaye kooperasiyasının və qarşılıqlı investisiyaların inkişaf etdirilməsi üçün əhəmiyyətli potensialın olduğunu qeyd ediblər. Tranzit-nəqliyyat əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyi də vurğulanıb. Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafında Azərbaycanı əsas tərəfdaşlardan biri hesab edir.

Tərəflər həmçinin Qazaxıstan və Azərbaycanın BMT, Türk Dövlətləri Təşkilatı (TDT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti məsələləri barədə fikir mübadiləsi aparıblar. Görüşün sonunda Əlimirzamin Əsgərov səmimi qəbula görə təşəkkürünü bildirib və iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda münasibətlərin daha da inkişafına dəstək verməyə hazır olduğunu təsdiqləyib.