2026-cı il sentyabrın 1-dən 3-dək Bakı Dövlət Universitetində (BDU) və Elm və Təhsil Nazirliyinin tabeliyində olan bir sıra elmi müəssisələrdə doktoranturaya qəbul üzrə fəlsəfə fənnindən qəbul imtahanları keçiriləcək.
“İki sahil” xəbər verir ki, Universitetdən bildirilib ki, imtahanlar BDU-nun 2 nömrəli tədris binasının 305 və 309 nömrəli auditoriyalarında təşkil olunacaq. İmtahanlarda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilmiş xarici dil üzrə qəbul imtahanında müvafiq keçid balını toplamış və ya DİM tərəfindən müvafiq beynəlxalq dil sertifikatı təsdiqlənmiş iddiaçılar iştirak edə biləcəklər.
Qəbul imtahanı BDU-da təşkil olunmuş İmtahan Komissiyası tərəfindən şifahi formada aparılacaq.
İmtahanlarda iştirak edəcək iddiaçılar şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər.
Ətraflı məlumatla BDU-nun internet saytı vasitəsilə tanış olmaq mümkündür.