19 avqust 2026 12:00
98

Azərbaycanda daha 10 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 10 kiçik və orta biznes (KOB) subyektinə "Startap" şəhadətnaməsi verib.

"Caspianinfo" KOBİA-ya istinadən xəbər verir ki, "Startap" şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclasında daha 16 layihəyə baxılıb və onlardan 10-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib. Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 292-yə çatıb.

"Startap" şəhadətnamələri "İnvitation Group" MMC-nin tədbirlərin planlaşdırılması, dəvətlərin idarə olunması və iştirakçı koordinasiyasını təmin edən rəqəmsal xidmət, "Rekrio" MMC-nin işə qəbul prosesini, müsahibələr də daxil olmaqla avtomatlaşdıran süni intellekt agent platforması, "GRC Lab" MMC-nin korporativ idarəetmə, risklərin idarə olunması və GRC-yə normativ uyğunluq proseslərinin rəqəmsallaşdırılmasını təmin edən platforması, "Aİ Development" MMC-nin şəhərdə nəqliyyat hərəkətinin təhlili və monitorinqini həyata keçirən süni intellekt əsaslı analitika platforması, "Yolutap" MMC-nin şagird və gənclərin peşəyönümü, qabiliyyətlərinin qiymətləndirilməsi və karyera planlaşdırılmasını dəstəkləyən rəqəmsal platformasına verilib. Həmçinin fiziki şəxslər Elmir Yunusovun süni intellekt əsaslı fərdi təhsil və peşə istiqamətləndirilməsini təmin edən rəqəmsal platforması, Ələmdar Manafovun istifadəçilərin gündəlik planlaşdırma, məqsəd idarəetməsi və məhsuldarlığının artırılmasına xidmət edən mobil tətbiqi, Mircəlal Məmmədovun satış, anbar, CRM (müştərilərlə münasibətlərin idarə olunması) və digər biznes proseslərinin idarə olunmasını təmin edən rəqəmsal platforması, Aqil Qumuxovun iş elanları üçün rəqəmsal platforması və Mehrac Abdurahmanlının iş elanına uyğunlaşdırılmış CV hazırlığı platforması layihələrinə də "Startap" şəhadətnamələri təqdim edilib.

"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.