ABŞ administrasiyası İsrail, Suriya və Türkiyə arasında münaqişələrin qarşısını almağa yönəlmiş xüsusi mexanizm yaratmaq üzərində fəal şəkildə çalışır.
“İki sahil” xəbər verir ki, bunu Ağ Evin Suriya və İraq üzrə xüsusi nümayəndəsi, ABŞ-nin Ankaradakı səfiri Tom Barrak "Reuters" agentliyinə bildirib.
O, İsrail, Suriya və Türkiyənin iştirak etdiyi münaqişələrin həlli üçün mexanizmə təcili ehtiyac olmasına diqqət çəkib.
"Gələcəkdə mümkün anlaşılmazlıqların qarşısını almaq üçün onun inkişafı üzərində intensiv işləyirik. Hazırda əsas vəzifə gərginliyi azaltmaq və daha balanslı yanaşma üçün ilkin şərtlər yaratmaqdır", - diplomat qeyd edib.
Bu mexanizm əsasən üç dövlətin silahlı qüvvələri arasında anlaşılmazlıqların və ya gözlənilməz hərbi toqquşmaların qarşısını almaq üçün hazırlanmış xüsusi rabitə kanalı olacaq.
Səfir vurğulayıb ki, Ankara İsrailin Türkiyə sərhədinə yaxın ərazidə yerləşən, Suriyanın Əbu Duhur hərbi bazasına hava hücumları barədə əvvəlcədən heç bir bildiriş almayıb. Onun sözlərinə görə, Ankara İsrail təyyarələrini müşahidə etmişdi və buna görə də respublikanın ehtimal olunan hərbi cavabına istinad edərək öz cavabını ağlabatan şəkildə hazırlaya bilərdi.
"Xoşbəxtlikdən, təmkin və soyuqqanlılıq vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa kömək etdi", - T.Barrak fikirlərini yekunlaşdırıb.