17 avqust 2026 15:53
135

Lavrov: Yaponiya Putinin İturupa səfəri ilə bağlı bəyanatlarında həddi aşıb

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Qana XİN rəhbəri Semyuel Okudzeto Ablakva ilə keçirilən birgə mətbuat konfransında bildirib ki, Yaponiya hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə bağlı "tamamilə qəbuledilməz" bəyanatlar verməklə nəzakət həddini aşıb.

“İki sahil” xəbər verir ki,  bu barədə TASS məlumat yayıb.

 Lavrovun sözlərinə görə, Yaponiyanın Moskvadakı səfiri Akira Muto Rusiya XİN-ə dəvət edilməlidir ki, onun Moskvadakı fəaliyyətinə yanaşması ilə bağlı söhbət aparılsın.

"Əgər onlar bu cür — kobud sözə görə bağışlayın — Rusiyaya hücumlar etməklə və bizi beynəlxalq hüququ pozmaqda təqsirləndirməklə diqqəti özlərinin militarist xəttindən yayındırmaq istəyirlərsə, məsləhət görərdim ki, öz işləri ilə məşğul olsunlar, onların evdə belə işləri çoxdur", — deyə Sergey Lavrov vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin avqustun 13-də ilk dəfə olaraq Kuril adalarının İturup adasına səfər edib. Yaponiyanın Baş naziri Sanae Takaiçi bu səfərin Rusiya-Yaponiya münasibətlərinin bərpası perspektivlərini pisləşdirdiyini bildirmiş, Moskvaya bu səfərdən imtina etməyi çağırış etmişdi. Rusiya XİN isə cavabında Kuril adalarını öz ərazisinin ayrılmaz hissəsi hesab etdiyini bəyan etmişdi.

Yaponiya Kuril silsiləsinin İturup, Kunaşir, Şikotan adalarına və Xabomai adalar qrupuna iddia edir. Rusiya isə Kuril adalarının İkinci Dünya Müharibəsinin yekunlarına əsasən qanuni əsaslarla onun tərkibinə daxil olduğunu bildirir. Moskva arxipelaqın ərazi statusu üzrə danışıqları Tokionun tətbiq etdiyi sanksiyalara cavab olaraq 2022-ci ildə dayandırıb.