15 avqust 2026 20:37
77

Ərdoğan: Trampdan F-35 qırıcıları ilə bağlı vədini yerinə yetirməsini gözləyirik

"Trampdan (ABŞ Prezidenit Donald Tramp – Qeyd) F-35 qırıcı təyyarələri ilə bağlı söz almışıq və onun bu vədini yerinə yetirməsini gözləyirik".

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan "Al Jazeera"yə müsahibəsində deyib.

Son günlər bütün dünyanın diqqət mərkəzində olan Məkkə Anlaşmasına da toxunan Türkiyə Prezidenti bildirib:

"Məkkə Anlaşması dünyaya mühüm mesaj göndərdi. Anlaşma onu imzalayan ölkələrin üzvlərindən birinin xarici hücuma məruz qalacağı təqdirdə birgə addımlar atmasını nəzərdə tutur. Sənəd gələcəkdə digər ölkələrin də bu razılaşmaya qoşulmasına imkan verir və Misirin iştirakı mühüm əhəmiyyət daşıyır".

Ərdoğan əlavə edib ki, yaxın günlərdə Suriyaya səfər edəcək: "Kürdlərlə münasibətlərimizi gücləndirməyə davam edəcəyik və regionun müxtəlif ölkələrində onların hüquqlarını qoruyacağıq. Suriya kürdləri də sülh və sabitlikdən bəhrələnəcəklər. Yaxın günlərdə Suriyaya səfər edəcəyəm. Suriya tək buraxılmayacaq və onun sabitliyini dəstəkləmək üçün əlimizdən gələn hər şeyi edəcəyik".

Ərdoğan Avropanın Türkiyəni Avropa İttifaqına qəbul etmək istəyində görünmədiyini, bu birliyə üzvlüyün ölkəsi üçün prioritet olmadığını və yaranmış vəziyyətdə uduzan tərəfin məhz Avropa olduğunu diqqətə çatdırıb.