15 avqust 2026 20:20
91

Çin Şimal Dəniz Marşrutu ilə Avropaya həftəlik reyslərə başlayıb

Çinin "Sealegend Shipping" gəmiçilik şirkəti Şimal Dəniz Marşrutu ilə Avropaya müntəzəm həftəlik reyslərə başlayıb.

“İki sahil”in Çin Mərkəzi Televiziyasına istinadən verdiyi məlumata görə, avqustun 15-də Ninbo-Çjouşan limanında yeni marşrutla Avropaya yola düşəcək "Dubai Tower" gəmisinə konteynerlərin yüklənməsinə başlanılıb.

Gəmi enerji saxlama sistemləri, dartı akkumulyatorları, fotovoltaik modullar və alternativ enerji avadanlıqları üçün digər komponentlər daşıyır.

Marşrut çərçivəsində konteyner gəmiləri Felikstou, Rotterdam, Hamburq və Qdınya limanlarına daxil olacaq. Şimal Dəniz Marşrutu ilə Çindən Avropaya səfər təxminən 20 gün çəkir. Süveyş kanalı üzərindən isə bu müddət təxminən 40 gündür.

Buz şəraitinə görə Arktika marşrutu üzrə reyslər iyul-oktyabr aylarında həyata keçiriləcək. Çində "Çin-Avropa Arktika Ekspresi" adlandırılan marşrut üzrə ilk konteyner gəmisi 2025-ci il sentyabrın 22-də Ninbo-Çjouşandan Avropaya yola düşüb. Həmin vaxt gəmi Böyük Britaniyaya 20 gün ərzində çatıb.