15 avqust 2026 14:03
98

“EasyJet”in Fransadakı ekipaj üzvləri tətilə başlayıblar

“EasyJet”in Fransadakı ekipaj üzvlərinin tətili avqustun 15-də və 16-da aviaşirkətin təxminən 80 reysinə təsir göstərə bilər.

“İki sahil” xəbər verir ki, SNPNC-FO həmkarlar ittifaqının nümayəndəsi Uilyam Burdonun AFP-yə verdiyi məlumata görə, bu gün “EasyJet”in

Fransadan həyata keçirdiyi təxminən 40 reys ləğv ediləcək. Sabah da eyni sayda reysin həyata keçirilməyəcəyi gözlənilir.

Fransada 6 bazası fəaliyyət göstərən “EasyJet” hansı hava limanlarının aksiyadan təsirlənəcəyini hələ açıqlamayıb. Şirkət mümkün narahatlıqları minimuma endirmək üçün bütün tədbirləri görəcəyini və reysi ləğv olunan sərnişinlərə başqa reysə pulsuz keçid və ya pulun geri qaytarılması imkanının təqdim ediləcəyini bildirib.

Tətil qərarı SNPNC-FO, UNPNC-CFDT və UNAC-CFE-CGC həmkarlar ittifaqlarının birgə təşəbbüsü ilə qəbul edilib. Təşkilatlar iş şəraitinin yaxşılaşdırılması ilə bağlı şirkətin rəhbərliyi ilə danışıqların nəticəsiz qalmasından sonra tətilə çağırış ediblər. Həmkarlar ittifaqları iş qrafiklərinin qeyri-sabitliyindən, son anda edilən dəyişikliklərdən, ekipajlar üçün əlverişsiz uçuş cədvəllərindən və bir neçə gün ərzində ardıcıl uçuşların tətbiqindən narazıdır.

“EasyJet” isə həmkarlar ittifaqlarını həftəsonunda “fürsətçi aksiyadan” imtina etməyə çağırıb. Şirkət müəyyən tənzimləmə təklifləri irəli sürdüyünü və tətilin rəsmi danışıqlar prosesi çərçivəsindən kənarda keçirildiyini bildirib. Yeni danışıqların sentyabr ayında aparılması planlaşdırılır.