13 avqust 2026 13:39
98

Qırğızıstanda dövlət çevrilişinə cəhd işi üzrə 70 nəfər dindiriləcək

Qırğızıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsinə çağırış edən 70 siyasətçi və ictimai xadim dövlət çevrilişinə cəhd işi üzrə apellyasiya müraciətinə baxılması çərçivəsində Bişkek Şəhər Məhkəməsinin növbəti iclasına şahid qismində cəlb olunacaqlar.

“İki sahil” TASS-a istinadla xəbər verri ki, bu barədə jurnalistlərə işin fiqurantlarından biri, Qırğızıstan parlamentinin keçmiş spikeri Nurlanbek Turgunbek uulunun hüquqlarını müdafiə edən vəkil Latıpbek Nuralimov bildirib.

2026-cı ilin fevral ayında Qırğızıstanın 75 tanınmış siyasi və ictimai xadimi respublika konstitusiyasının köhnə və yeni redaksiyalarındakı hüquqi ziddiyyətlərlə əlaqədar növbədənkənar prezident seçkilərinin keçirilməsi təklifi ilə müraciət imzalamışdılar. Bundan sonra ölkədə kütləvi kadr dəyişiklikləri başladı. Xüsusilə, Nazirlər Kabineti sədrinin müavini — Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev vəzifəsindən azad edildi, Turgunbek isə Ali Şuranın spikeri postundan könüllü olaraq istefa verdi. Sonradan, məktubu imzalayan 5 nəfər də daxil olmaqla, 8 siyasətçi çevriliş cəhdində ittiham olundu.

İyulun 2-də Bişkekin Birinci May Rayon Məhkəməsi Turgunbek uulu, Taşiyev, keçmiş baş prokuror Kurmankul Zuluşev və daha beş nəfəri hakimiyyəti ələ keçirməyə cəhd işi üzrə 3 illik probasiya nəzarəti şərti ilə 4 il müddətinə azadlıqdan məhrum edib. Təqsirləndirilən şəxslərin vəkilləri və prokurorluq məhkəmənin qərarından yuxarı instansiyaya şikayət veriblər. Apellyasiya üzrə növbəti iclas avqustun 17-də tutacaq.