12 avqust 2026 14:25
134

Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur vahid məkan kimi

Prezident İlham Əliyevin Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər mühüm strateji məqamlar ehtiva edir.

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirdi.

Ramil İskəndərlinin fikrincə, müsahibədə diqqət çəkən əsas mesajlardan biri Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla birlikdə vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu üç bölgənin vahid konsepsiya əsasında inkişaf etdirilməsi ilə bağlı yanaşması Azərbaycanın gələcək regional inkişaf strategiyası baxımından xüsusi əhəmiyyət daşıyır.

“Bu yanaşmanın həm tarixi, həm də coğrafi əsasları var. Prezident qeyd etdiyi kimi, Zəngilanla Ordubad arasında məsafənin cəmi 42 kilometr olması, tarixən Zəngəzur, Naxçıvan və Qarabağın vahid məkan təşkil etməsi və bu ərazilər arasında insanların əsrlər boyu miqrasiya etməsi həmin bölgələrin bir-biri ilə sıx bağlılığını göstərir”, – deyə Ramil İskəndərli vurğulayıb.

Əsas məsələ Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat, enerji, iqtisadi inkişaf, turizm və idarəetmə baxımından bir-birini tamamlayan vahid regional inkişaf məkanına çevrilməsidir. Ramil İskəndərlinin qənaətinə görə, bu konsepsiyanın ardıcıl şəkildə həyata keçirilməsi Azərbaycanın həmin bölgələrinin mövcud potensialının daha səmərəli şəkildə birləşdirilməsinə şərait yarada bilər.

AMQF sədrinin fikrincə, Prezidentin Naxçıvanla bağlı müsahibəsində iqtisadi və infrastruktur layihələri ilə yanaşı, daha bir strateji məqam olaraq, milli kimlik və tarixi-mədəni irs məsələlərinə xüsusi diqqət yetirilməsidir. Naxçıvanın zəngin tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezidnet İlham Əliyevin müsahibə zamanı səsləndirdiyi fikirlərə əsasən qeyd etmək lazımdır ki, Naxçıvana yalnız strateji coğrafi mövqeyə malik ərazi kimi yanaşmaq düzgün olmazdı. Naxçıvan Azərbaycanın dövlətçilik, elm, mədəniyyət və memarlıq tarixində xüsusi yeri olan qədim və zəngin bir diyardır.

Yaqut Ağaşahqızı, “İki sahil”