Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Orta Dəhliz çərçivəsində həyata keçirilən islahatları şərh edib.
“İki sahil”in məlumatına görə, nazirliyin məlumatında bildirilib ki, bu islahatların mühüm nəticələrindən biri yükdaşımaların sürətləndirilməsi olub.
Qeyd olunub ki, bir neçə il əvvəl Çin-Avropa marşrutu üzrə daşımalar 38-53 gün davam edirdisə, hazırda bu müddət orta hesabla 12 günə qədər azalıb.
"Daşıma müddətinin azalmasına elektron icazə sistemlərinin, e-TIR və e-CMR kimi rəqəmsal həllərin tətbiqi, yüklərin real vaxt rejimində izlənməsi, gömrük və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, eləcə də dövlət qurumları arasında məlumat mübadiləsinin sürətləndirilməsi mühüm töhfə verib.
Bu yanaşma çərçivəsində Azərbaycanda bir sıra genişmiqyaslı layihələr həyata keçirilib: Bakı–Tbilisi–Qars dəmir yolunun buraxılış qabiliyyətinin ildə beş milyon tona çatdırılması, sərhəd-buraxılış məntəqələrinin modernləşdirilməsi, dəmir yolu şəbəkəsinin elektrikləşdirilməsi və yenilənməsi, avtomagistralların tikintisi və bərpası, habelə hava limanı infrastrukturunun inkişafı.
Bu istiqamətdə mühüm addımlardan biri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılan “Bir Pəncərə” İnformasiya Sistemi – Rəqəmsal Logistika Platformasıdır. Platforma sənəd dövriyyəsini sürətləndirir, prosedurları sadələşdirir və biznes üçün daha çevik logistika ekosistemi formalaşdırır. Növbəti mərhələdə platformanın Orta Dəhliz üzrə tərəfdaş ölkələrin analoji sistemləri ilə inteqrasiyası nəzərdə tutulur ki, bu da marşrut boyunca səmərəliliyin daha da artmasına səbəb olacaq", - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, paralel olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq tərəfdaşlarla birlikdə “e-CMR”, “e-Permit” və “e-CIM/SMGS” elektron qaimə sistemi kimi müasir rəqəmsal nəqliyyat alətlərinin mərhələli tətbiqi istiqamətində iş aparır.
"Bu yanaşma çərçivəsində Azərbaycanda bir sıra genişmiqyaslı layihələr həyata keçirilib: Bakı–Tbilisi–Qars dəmir yolunun buraxılış qabiliyyətinin ildə beş milyon tona çatdırılması, sərhəd-buraxılış məntəqələrinin modernləşdirilməsi, dəmir yolu şəbəkəsinin elektrikləşdirilməsi və yenilənməsi, avtomagistralların tikintisi və bərpası, habelə hava limanı infrastrukturunun inkişafı", - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, Azərbaycan Orta Dəhliz boyunca yerləşən bütün ölkələrlə nəqliyyat infrastrukturunun inkişafının sinxronlaşdırılması və marşrut boyunca daşımaların səmərəliliyinin artırılması məqsədilə fəal əməkdaşlıq aparır.
"Bu məqsədlə birgə infrastruktur layihələrinin əlaqələndirilməsinə, nəqliyyat əlaqələrinin inkişafına və daşımaların səmərəliliyinin artırılmasına yönəlmiş bir sıra ikitərəfli və çoxtərəfli yol xəritələri, sazişlər və qarşılıqlı anlaşma memorandumları imzalanıb. Hazırda Orta Dəhlizin gələcək inkişafı və institusional möhkəmləndirilməsi yolunda mühüm addım olacaq çoxtərəfli sazişin hazırlanması istiqamətində də iş aparılır", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.