Son illər ABŞ-Azərbaycan münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlməkdədir. Bunu getdikcə sıxlaşan əlaqələr, dövlətlərin yuxarı ranqlı məmurlarının səfərləri, müxtəlif sahələrdə işbirliyi və müsbət anlaşmalar təsdiq edir. Ölkəmizin diplomatiya tarixində baş verən ilk siyasi hadisələrdəndir ki, ABŞ kimi superdövlətin başçısı Azərbaycan Prezidentinə şəxsən telefon açıb.
Avqustun 8-də Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan işgüzar telefon danışığı 40 dəqiqədən çox davam edib. 40 dəqiqənin əks-sədası artıq dünyanın bir çox ölkələrinin mətbuatında şərh olunmaqdadır. Prezidentlərin söhbətində əsasən sülh prosesinin intensivləşdirilməsi və Tramp Rifah Yolunda görülən işlər müzakirə olunub.
“1news.az” saytına istinadən xəbər verilir ki, telefon zənginin Prezident Donald Trampın təşəbbüsü ilə baş tutması dünyanın superdövlətinin başçısının ölkəmizə nə qədər önəm verdiyinin ən yaxşı təzahürüdür. Telefon danışığının 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton sülh sammitinin birinci ildönümünə təsadüf etməsi göstərir ki, Prezident Donald Tramp ölkəmizdə baş verən dəyişiklikləri diqqətlə izləyir və lazımi reaksiya verir.

Liderlər arasında söhbət dostluq və mehriban şəraitdə keçib.
Prezidentin Mətbuat Xidmətinin verdiyi məlumata görə, telefon danışığı zamanı İlham Əliyev və Donald Tramp Vaşinqton sammitindən sonrakı bir ilin yekunlarını, Azərbaycan və Ermənistan arasında sülh prosesini, TRIPP layihəsinin icrasını, həmçinin Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafını müzakirə ediblər.
Xüsusilə qeyd olunub ki, ötən il ərzində regionda sülh və sabitlik qorunub, sülh prosesinə xələl gətirə biləcək heç bir insident baş verməyib. Bundan əlavə xalq diplomatiyası adlandırılan missiya öz işini davam etdirib. Azərbaycan nümayəndə heyəti Ermənistanda, Ermənistan nümayəndə heyəti Azərbaycanda olub.
Tərəflər, həmçinin Azərbaycan neft məhsullarının böhran keçirən Ermənistana ixracını, Azərbaycan ərazisindən yüklərin tranzitini və iki ölkə arasında ticarət əlaqələrinin başlanmasını müsbət qiymətləndiriblər.
Vaşinqton Bəyannaməsinin geosiyasi əhəmiyyətini anlamaq üçün nəqliyyat-kommunikasiya məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Çünki müasir dünyada nəqliyyat dəhlizi sadəcə yol deyil. Nəqliyyat xətti iqtisadi-siyasi təsir və geosiyasi təsir vasitəsidir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu yol yalnız iki Azərbaycan ərazisini birləşdirməsə də Türkiyəyə çıxışı, Mərkəzi Asiya ilə əlaqələri, Avropa bazarlarına alternativ marşrutları və daha geniş mənada Şərq-Qərb ticarət sistemini gücləndirə bilər. Bu səbəbdən Zəngəzur istiqamətində kommunikasiyaların açılması məsələsinə Azərbaycan-Ermənistan münasibətlərinin prizmasından baxmaq ciddi geosiyasi mənzərəni görmək deməkdir. Burada söhbət Avrasiyanın nəqliyyat xəritəsindən gedir. Marşrutların dəyişməsi və şaxələndirilməsi isə həmişə güc balansına təsir edir. Əgər yeni nəqliyyat xətti fəaliyyətə başlayırsa, Azərbaycan tranzit ölkə kimi əhəmiyyətini daha da artırır. Qardaş Türkiyə Mərkəzi Asiyaya daha əlverişli quru bağlantısı əldə edir. Mərkəzi Asiya dövlətləri Avropa ilə əlaqələrini genişləndirmək imkanı qazanır. Çin üçün alternativ ticarət marşrutu yaranır. Avropa üçün isə enerji və logistika təhlükəsizliyinin yeni elementləri meydana çıxır. Bu baxımdan Tramp marşrutu artıq regional məsələ deyil. Bu, Avrasiyanın geoiqtisadi xəritəsinin böyük bir hissəsidir. ABŞ Prezidenti Donald Trampla Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələni müzakirə etməsi onun perspektivinin nə qədər geniş və əlverişli olduğundan xəbər verir.
Prezidentlərin söhbətində Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması tarixi hadisə kimi qiymətləndirilib, Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni yüksək səviyyəyə qalxdığı, strateji mahiyyət daşıdığı vurğulanıb və bunun da geniş bir bölgədə sülhə, sabitliyə töhfə verdiyi qeyd olunub.
Dövlətimizin başçısı G-20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib. Bunu ölkəmizə olan xoş münasibətin təzahürü kimi qiymətləndirib.
Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub. Bədxah Cozef Bayden adminstrasiyasından fərqli olaraq Donald Tramp adminstrasiyasının ölkəmizə xoş münasibəti gözlə görünən şəkildə təzahür etməkdədir. Hiss olunur ki, Ağ Evin əvvəlki rəhbərlərinin Azərbaycana qarşı soyuq və ədalətsiz münasibəti uzun illərdən sonra öz yerini qarşılıqlı əməkdaşlığa, etibara və hörmətə verir. Bu isə Azərbaycan diplomatiyasının labirintlərdən keçərək uzun illər göstərdiyi səmərəli fəaliyyətin nəticəsində mümkün olub.
Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyanın da Azərbaycan Respublikasının Prezidentinə zəng etməsi Vaşinqton razılaşmaları ilə bağlı fikirləri ondan xəbər verir ki, Cənubi Qafqaz regionunun lideri Azərbaycandır və məhz Azərbaycanın səyləri nəticəsində bu məkanda yeni siyasi reallıq formalaşır. Bu siyasi reallığı qəbul edən, onunla razılaşan beynəlxalq aktorlar da Cənubi Qafqaz bölgəsi ilə, xüsusilə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduqlarını gizlətmirlər.
Prezident Donald Trampın təşəbbüsü ilə keçən telefon danışığı göstərir ki, ABŞ-ın Azərbaycanla əlaqələri daha da möhkəmləndiriləcək, ölkəmizin təhlükəsizliyinə və xalqımızın rifahına yeni töhfələr verəcək.
Vəli İlyasov, “İki sahil”