08 avqust 2026 08:36
87

Özbəkistan 2030-cu ilədək süni intellektin tətbiqi üzrə dünyanın ilk 50 ölkəsi sırasına daxil olmağı hədəfləyir

Özbəkistan 2030-cu ilədək qlobal Süni İntellektə Hazırlıq İndeksində dünyanın ilk 50 ölkəsi sırasına daxil olmağı və süni intellektə əsaslanan proqram məhsulları və xidmətlərinin dəyərini 1,5 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir.

“İki sahil” xəbər verir ki, bu barədə cümə günü prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Özbəkistan hazırda beynəlxalq süni intellektə hazırlıq reytinqində 62-ci yerdə qərarlaşıb. Qarşıya qoyulan hədəflərə nail olmaq üçün Özbəkistan hesablama infrastrukturunu genişləndirməyi planlaşdırır. Hazırda 24 milyon dollar dəyərində olan klasterə əlavə olaraq, daha 70 milyon dollar vəsait ayrılması təklif edilib.

Həmçinin vurğulanıb ki, Özbəkistanın Ümumdünya Süni İntellekt Əməkdaşlığı Təşkilatında iştirakı qabaqcıl texnologiyaların, böyük dil modellərinin və rəqəmsal transformasiya həllərinin tətbiqinə dair təşəbbüslərin təşviqi üçün istifadə edilməlidir. Ölkə hakimiyyəti bu platformadan xarici texnologiya şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi və yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün yararlanmağı gözləyir.