08 avqust 2026 08:15
90

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Son on ildə Sibirdə metan emissiyalarının illik həcmi təxminən iki dəfə artaraq 5-6 milyon tondan 12 milyon tona çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyası məlumat yayıb. Çin Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutunun professoru Lyu İnin sözlərinə görə, metan emissiyalarının artması ilk dəfə 2021-ci ildə peyk müşahidələri zamanı qeydə alınıb. Bundan sonra əldə olunan nəticələri təsdiqləmək və emissiyaların sürətlə artmasının səbəblərini müəyyənləşdirmək üçün əlavə tədqiqatlar aparılıb.

Alimləri ən çox narahat edən məsələ iqlim dəyişikliyinin çoxillik buzlaqlara təsiridir. Donmuş torpaqların əriməsi və Arktika torpaqları ilə su hövzələrində mikroorqanizmlərin fəallığının artması böyük həcmdə metanın atmosferə buraxılmasına, bunun da qlobal istiləşməni daha da sürətləndirməsinə səbəb ola bilər.

Tədqiqatçılar Tunqus yaylası, Ob hövzəsi və Sibirin digər bölgələri üzərində metan konsentrasiyasının artdığını müəyyən ediblər. Hesablamalara əsasən, emissiyalar hər il orta hesabla 1,1 milyon ton, yəni ilkin səviyyə ilə müqayisədə təxminən 5 faiz artır.

Mütəxəssislərin sözlərinə görə, Qərbi Sibirdə emissiyaların artmasına daha mülayim qışlar və isti yaz mövsümü səbəb olub. Bu amillər torpağın rütubətini artırır və üzvi maddələrin parçalanmasını sürətləndirir. Regionun şərq hissəsində isə quraqlıqlar və meşə yanğınları metan emissiyalarının artmasına əlavə təsir göstərir.