07 avqust 2026 12:37
104

Şimali Koreyada nə baş verir? - İqtisadi artım, 22 milyard dollar, smartfon...

2022–2026-cı illər ərzində Şimali Koreyanın xaricdəki gəlirləri 22 milyard dollara çatıb ki, bu da əvvəlki dörd illə müqayisədə dörd dəfə çoxdur.

“İki sahil” xəbər verir ki,  "Bloomberg Economics" (BE) analitik xidmətinin ticarət hesabatları, kəşfiyyat məlumatları, peyk şəkilləri və mənbələrin məlumatlarına əsaslanan hesablamalarına görə, 2022-2026-cı illərdə Şimali Koreyanın xaricdəki gəlirləri 22 milyard dollara çatıb və əvvəlki dörd illə müqayisədə dörd dəfə artıb. BE analitikləri qeyd edirlər ki, bununla da KXDR lideri Kim Çen Inın hakimiyyətdə olduğu 15 il ərzində heç vaxt olmadığı qədər çox pulu olub.

Xidmətin hesablamalarına görə, KXDR-in gəlirlərinin artımı ilk növbədə Rusiyaya silah tədarükü və ora Şimali Koreya hərbçilərinin göndərilməsi ilə bağlıdır. BE-nin rəy aldığı ekspertlər qeyd ediblər ki, Rusiyaya silah satışından əldə olunan vəsait Şimali Koreya üçün əsl "lotereya uduşu" olub. Eyni zamanda, KXDR-in digər tərəfdaşı olan Çindən daxil olan vəsaitlər də artıb. BE-nin məlumatına görə, gəlir mənbələrindən biri də Şimali Koreya hakerləri tərəfindən kriptovalyutanın oğurlanmasıdır. "TRM Labs" şirkətinin məlumatına görө, hazırda dünyada bütün kriptovalyuta oğurluqlarının təqribən 70%-i KXDR hakerlərinin payına düşür.

Cənubi Koreya mənbələrinə görə, KXDR iqtisadiyyatı ötən il 3,5% böyüyüb. "Bloomberg" yazır ki, gəlirlərin artımı Şimali Koreyadakı gündəlik həyata da təsirini göstərir. Son bir neçə ildə orada aktiv tikinti işləri aparılır. Əhali arasında smartfonların sayı xeyli artıb, yemək çatdırılması və taksi sifarişi xidmətləri meydana çıxıb. BE analitikləri qeyd edirlər ki, rifahın artmasından Çindən ixracın xarakteri də xəbər verir – belə ki, KXDR idman malları, videooyunlar və istirahət üçün digər əşyaları olduqca fəal şəkildə almağa başlayıb.