Türkiyə Milli Təhlükəsizlik Şurası İran ətrafında baş verən son hadisələri müzakirə edərək, davamlı sülhə nail olunması məqsədilə güc tətbiqindən imtina edilməsinə və danışıqlar prosesinin bərpa olunmasına çağırıb.
“İki sahil” xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasın yekunlarına dair yayılan bəyanatda İran ilə ABŞ arasında gərginliyin yeni mərhələyə keçməsi ilə bağlı təhlükələrə diqqət çəkilib. Bildirilib ki, bu vəziyyət eskalasiyanın region ölkələrinə yayılma riskini artırır və qlobal ticarət marşrutlarına mənfi təsir göstərə bilər.
İclasda regionda təhlükəsizliyin, sabitliyin və rifahın təmin edilməsinə yönəlmiş səylərin növbəti mərhələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
İki saatdan çox davam edən iclasın iştirakçıları Türkiyədə və regionda terror təhlükəsinin aradan qaldırılması istiqamətində əldə olunan irəliləyişi də müzakirə ediblər. Fətullah Gülənin FETÖ terror təşkilatına qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.
Milli Təhlükəsizlik Şurasının üzvləri Ukraynadakı vəziyyəti də nəzərdən keçiriblər. Bildirilib ki, Rusiya–Ukrayna müharibəsində yaranmış strateji çıxılmaz vəziyyət qonşu regionların, xüsusilə Qara və Xəzər dənizlərinin akvatoriyalarının qarşıdurma zonasına çevrilməsi yolu ilə aradan qaldırıla bilməz. Münaqişə tərəflərinə gərginliyi azaltmaq və sülh istiqamətində konkret addımlar atmaq qətiyyətlə tövsiyə olunub.
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək