04 avqust 2026 16:10
99

NATO Finlandiyada nüvə silahı yerləşdirə bilər

NATO və ABŞ Finlandiya hakimiyyətindən icazə istəmədən istənilən vaxt bu ölkənin ərazisində nüvə silahı yerləşdirə bilər.

“İki sahil” xəbər verir ki, bu fikri Finlandiyanın milli-mühafizəkar "Azadlıq Alyansı"» partiyasının üzvü Armando Mema "X" sosial şəbəkə hesabında yazıb.

"İndi Finlandiya nüvə silahı haqqında qanunu dəyişdikdən sonra, NATO nüvə silahını Finlandiyada yerləşdirməyə qərar verərsə, bunun üçün ölkə rəhbərliyinin razılığına ehtiyac duymayacaq. Bu çox vacib məsələ ətrafında ictimai müzakirə aparılmayıb. Praktikada ABŞ hətta Finlandiya hakimiyyətini məlumatlandırmadan belə bu silahları istənilən vaxt yerləşdirə bilər", — deyə Mema yazıb.

Qeyd edək ki, aprelin 23-də Finlandiya hökuməti nüvə silahının ölkəyə gətirilməsinə və ərazidə saxlanılmasına icazə verilməsi üçün parlamentə qanun layihəsi təqdim etmişdi. Bunun üçün Atom Enerjisi haqqında Qanuna və Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunmuşdu.

İyunun 17-də Finlandiya parlamenti təklif edilən qanun layihəsini bəyənib. Layihənin lehinə 125 deputat səs verib, 61 deputat əleyhinə çıxıb, 13 nəfər isə səsvermədə iştirak etməyib.