Nikol Paşinyan yenidən Ermənistanın baş naziri vəzifəsinə təsdiqlənib. Bu qərar parlamentdə səs çoxluğu qazanmış hakim "Vətəndaş Müqaviləsi" Partiyasının onun namizədliyini baş nazir postuna irəli sürməsindən sonra verilib. Nikol Paşinyanın namizədliyi Ermənistan prezidenti Vaaqn Xaçaturyanın imzaladığı fərmanla təsdiqlənib: "Konstitusiyanın 149-cu maddəsinin 1-ci hissəsinə əsasən, Nikol Paşinyan baş nazir vəzifəsinə təyin edilsin."
Fərmanın qəbul olunmasından dərhal sonra ona müxtəlif reaksiyalar verilib. Müharibə istəməyənlər, qonşu dövlətlərə ərazi iddiasında olmayanlar, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağın, iqtisadi əməkdaşlığın qurulmasının tərəfdarları fərmanla razı oluqlarını bildiriblər. Ancaq Ermənistanın gələcəyini qaranlığa sürükləmək niyyətində olanlar əksinə fikirlər bildiriblər. Bu təyinatla paralel olaraq ölkə müxalifəti mübarizəni davam etdirəcəyini bəyan edib.
Müxalif "Ermənistan" blokundan olan deputat İşxan Saqatelyan jurnalistlərə açıqlamasında Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq üçün mümkün olan hər şeyi edəcəklərini bildirib. Bu, həmin o İşxandır ki, hər cür yaramaz işin ortasından çıxır. O, Daşnasütyun Partiyasının sədridir. Əvvəllər parlamentdə vitse-skiper vəzifəsini tutub. II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra İrəvanda Paşinyan hakimiyyətinə qarşı üsyan və çıxışları təşkil edənlərdən biridir. Yaxasında deputat nişanı gəzdirən bu adam erməni toplumunu xoş gələcəyə aparmaq əvəzinə onu yeni qanlar axıtmağa aparmağa çalışır, xalqlar arasında əbədi düşmənçilik toxumları səpir.
Saqatelyanın sözlərinə görə, "Ermənistan" blokunun nümayəndələri son beş il ərzində ölkənin bu həddə çatmaması üçün mübarizə aparıblar. Lakin niyyətlərinə çata bilməyiblər. O, təəssüflə bildirib: "Əfsus ki, 7 iyun parlament seçkiləri bu prosesi dayandırmağa imkan vermədi, baxmayaraq ki, biz bunun üçün əlimizdən gələni etdik".
Bəli, özünün də dediyi kimi, İşxan Saqatelyan parlament seçkilərindən əvvəl pozucu fəaliyyət göstərirdi. Çalışırdı ki, parlament seçkilərində müxalifət nümayəndələri çoxluq təşkil etsinlər və baş nazir postunu ələ keçirsinlər. Onlar mətbuata sızdırmışdılar ki, postu ələ keçirərlərsə sentyabrda Azərbaycanla yeni müharibəyə başlayacaqlar. Amma gözləntiləri boşa çıxdı. Çünki müharibədən bezmiş valideynlər, onların qohum-əqrəbaları döyüşlərdə nahaq yerə ölənlərin xatirəsini hələ unutmayıblar. Saqatelyan Bakıda həbsdə olan qatilləri təslimçilikdə suçlayaraq onların dezinformasiya yaydıqlarını, qoşunları Şuşadan geri çəkdiklərini söyləyib.
Saqatelyan iddia edir ki, Ermənistan rəhbərliyinin Sünik bölgəsindən Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsi yaradılmasına dair razılıq verilməsi, ölkədə son zamanlar kəskinləşən daxili təzyiqlər, o cümlədən, Erməni Apostol Kilsəsinə, və siyasi müxalifətə qarşı repressiyaların əsas səbəblərindən biridir. Onun fikrincə, bu addım yalnız daxili siyasi hesablarla deyil, eyni zamanda Türkiyə və Azərbaycanla əldə edilmiş yeni razılaşmalarla bağlıdır. Qanı zəhərlənmiş daşnak burnunu soxmadığı bir yer qoymur. O, Zəngəzur dəhlizinə belə münasibət bildirib: “İddialara görə, Ermənistanın suverenliyinin və yurisdiksiyasının məhdudlaşdırılmasını nəzərdə tutan bu dəhliz Ərdoğanın “daha çevik yanaşma" adlandırdığı planın tərkib hissəsidir və bu prosesə ABŞ rəhbərliyi, Fransa prezidenti Emmanuel Makron və Qərb dairələri dəstək verir.”
Saqatelyan bunu Ermənistanın dövlət maraqlarına və onun beynəlxalq tərəfdaşlarının strateji mövqelərinə zidd bir güzəşt kimi qiymətləndirir.
Baş bəlası olan deputat guya "Türkləşdirmə proqramı"na qarşı mübarizə aparacaqlarını və Ermənistanın "Türkiyənin vilayətinə" çevrilməsinə imkan verməyəcəklərni” də bildirib. Qısaca deyək ki, bu adam Türkiyə-Azərbaycan-Ermənistan münasibətlərinə qarşı barışmaz mövqeyindən əl çəkmir. Müxalifətçi daşnakbaşı vurğulayıb ki, təmsil etdiyi blok siyasi mübarizəni davam etdirəcək və onların gündəliyi dəyişməz olaraq qalır.
İşxan Saqatelyan axmaq fikirlərində tək deyil. Erməni Apostol Kilsəsi, katolikos II Qaregin (Ktrıç Nersisyan), keşiş Baqrat Qalstanyan, daşnaklar və revanşistlər “ilana ağu verənlərdir.” Onlar İşxan kimi siyasi dələduzlara ürək-dirək verir, onların vasitəsi ilə yenidən aranı qarışdırmaq niyyəti güdürlər. Ancaq erməni toplumu qarşısındakı ən böyük problemi həll etdi-müharibə tərəfdarlarına lazımi sayda səs vermədi. Əslində bu, onlara bir dərs olmalı idi. Lakin görünür, hələ olmayıb. Bir sözlə, İşxan kimi qozbelləri qəbir düzəldər.
Vəli İlyasov, “İki sahil”