Finlandiyanın daxili işlər naziri Mari Rantanen miqrant böhranı və Seuta ətrafındakı vəziyyətlə əlaqədar İspaniyanın müvəqqəti olaraq Şengen zonasından kənarlaşdırılmasına çağırıb.
“İki sahil” xəbər verir ki, o, "X" sosial şəbəkə hesabında Avropa ölkələrini İtaliyanın Baş naziri Corca Meloninin müvafiq təklifini dəstəkləməyə səsləyib.
"Bu cür davam edə bilməz. Bütün Avropa ölkələri Meloninin təklifini dəstəkləməlidir. Xarici sərhədlərin mühafizəsi üzrə öhdəliklərini yerinə yetirməyən ölkələr Şengen zonasının üzvü ola bilməzlər", — deyə Rantanen qeyd edib.
Bundan əvvəl yüzlərlə miqrantın Mərakeş ərazisindən İspaniyanın Seuta anklavına sızması səbəbindən şəhərdə fövqəladə vəziyyət elan edilib.
Yaranmış böhran fonunda İtaliyanın Baş naziri Corca Meloni də miqrant axınına görə İspaniya ilə Şengen sazişinin fəaliyyətini dayandırmaqla hədələmişdi.