31 iyul 2026 00:56
108

İqlim dəyişikliyi kənd təsərrüfatını sınağa çəkir

İqlim dəyişikliyi son illərdə təkcə ekoloji deyil, həm də iqtisadi və sosial sahələrdə ən ciddi qlobal problemlərdən birinə çevrilib. Bu prosesdən ən çox təsirlənən sahələrdən biri isə kənd təsərrüfatıdır.  Son illərdə artan temperatur, quraqlığın intensivləşməsi, yağıntı rejiminin dəyişməsi və ekstremal hava hadisələrinin çoxalması kənd təsərrüfatına təsirləri daha aydın şəkildə göstərir. Dünyada ərzaq istehsalının əsasını təşkil edən bu sahə dəyişən iqlim şəraitinə uyğunlaşmaq məcburiyyətindədir. Əks halda məhsuldarlığın azalması, su qıtlığının dərinləşməsi və ərzaq təhlükəsizliyi ilə bağlı risklərin artacağı gözlənilir.

Qlobal istiləşmə aqrar sahədə riskləri artırır

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) və Ümumdünya Meteorologiya Təşkilatının (WMO) qiymətləndirmələrinə görə, Yer kürəsində uzunmüddətli orta qlobal temperatur sənaye inqilabından əvvəlki dövrlə müqayisədə artıq təxminən 1,3 dərəcə Selsi yüksəlib. Alimlər bildirirlər ki, hər əlavə istiləşmə kənd təsərrüfatı üçün riskləri artırır, xüsusilə su ehtiyatları məhdud olan regionlarda məhsuldarlığa daha ciddi təsir göstərir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2025-ci il hesabatına əsasən, dünyada istifadə olunan şirin su ehtiyatlarının 70 faizdən çoxu kənd təsərrüfatının payına düşür. Həmin hesabatda vurğulanır ki, su qıtlığı, torpaq deqradasiyası və iqlim dəyişikliyi kənd təsərrüfatı məhsuldarlığını zəiflədən əsas amillər sırasındadır. Eyni zamanda, insan fəaliyyəti nəticəsində yaranan torpaq deqradasiyasının 60 faizdən çoxu kənd təsərrüfatı ərazilərində müşahidə olunur.

Qeyd edək ki, iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri ilk növbədə su ehtiyatlarında özünü göstərir. Yağıntıların qeyri-bərabər paylanması, quraqlıq dövrlərinin uzanması və bəzi bölgələrdə su ehtiyatlarının azalması suvarma imkanlarını məhdudlaşdırır. IPCC qeyd edir ki, iqlim dəyişikliklərinin yaratdığı daşqınlar, quraqlıqlar və yağıntı dəyişiklikləri artıq qarğıdalı, buğda, düyü və soya kimi əsas kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına mənfi təsir göstərir. Su çatışmazlığı yaşayan regionlarda isə suvarılan əkinçilik daha böyük risk altındadır.

Məhsuldarlığa təsir edən əsas amillərdən biri də ekstremal istilərdir. FAO və WMO-nun birgə hazırladığı son hesabatda qeyd olunanlara əsasən, isti hava dalğalarının tezliyi, intensivliyi və davametmə müddəti son onilliklərdə əhəmiyyətli dərəcədə artıb. Bu proses yalnız bitkilərin inkişafına deyil, həm də heyvandarlığa mənfi təsir göstərir. Yüksək temperatur heyvanlarda stress yaradır, yem qəbulunu azaldır, məhsuldarlığı aşağı salır və xəstəlik riskini artırır.

İqlim dəyişiklikləri torpaqların keyfiyyətinə də təsirsiz ötüşmür. Quraqlıq, güclü yağıntılar və eroziya torpağın münbit qatını zəiflədir. FAO bildirir ki, torpaq və su ehtiyatlarının qorunması gələcəkdə ərzaq istehsalının davamlılığı üçün əsas şərtlərdən biridir. Əks halda, artan ərzaq tələbatını qarşılamaq daha da çətinləşəcək.Bundan əlavə, iqlim dəyişiklikləri zərərvericilərin və bitki xəstəliklərinin yayılmasına da şərait yaradır. Temperaturun yüksəlməsi bəzi həşərat növlərinin daha geniş coğrafiyada yayılmasına səbəb olur ki, bu da fermerlərin pestisidlərdən daha çox istifadə etməsinə və istehsal xərclərinin artmasına gətirib çıxarır. Eyni zamanda, qeyri-sabit hava şəraiti əkin mövsümlərinin planlaşdırılmasını çətinləşdirir və fermerlərin iqtisadi risklərini artırır.

Azərbaycan da bu qlobal proseslərdən kənarda deyil. Son illərdə ölkənin müxtəlif bölgələrində müşahidə olunan quraqlıq, intensiv yağıntılar, sel və dolu hadisələri kənd təsərrüfatına zərər vurub. Xüsusilə suvarma əkinçiliyinin geniş yayıldığı Aran bölgəsində su ehtiyatlarından səmərəli istifadə məsələsi daha da aktuallaşıb. Mütəxəssislər hesab edirlər ki, dəyişən iqlim şəraitində su ehtiyatlarının düzgün idarə olunması aqrar sektorun dayanıqlılığı baxımından əsas prioritetlərdən biridir.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması gələcək ərzaq təhlükəsizliyinin qorunması üçün vacibdir. Bu məqsədlə damcı suvarma sistemlərinin geniş tətbiqi, suya qənaət edən texnologiyalardan istifadə, quraqlığa davamlı bitki sortlarının yetişdirilməsi, torpaq mühafizəsi tədbirlərinin gücləndirilməsi və fermerlərin erkən xəbərdarlıq sistemləri ilə təmin olunması tövsiyə edilir. Peyk müşahidələri, aqrometeoroloji proqnozlar və rəqəmsal texnologiyalar fermerlərə hava şəraiti ilə bağlı riskləri əvvəlcədən qiymətləndirməyə imkan verir.

Xatırladaq ki, iqlim dəyişikliyi ilə mübarizə yalnız ekoloji məsələ deyil. Bu proses eyni zamanda, ərzaq təhlükəsizliyi, kənd əhalisinin rifahı, su ehtiyatlarının idarə olunması və iqtisadi sabitliklə birbaşa əlaqəlidir. Buna görə də aqrar sahədə iqlimə davamlı yanaşmaların tətbiqi həm fermerlərin gəlirlərinin qorunması, həm də gələcək nəsillərin ərzaq təminatının təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

Şahnigar Əhmədova, “İki sahil”