Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir.
“İki sahil” xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borusu xərçənginin müəyyən bir növü arasında diqqətçəkən əlaqə aşkar ediblər. Çay və qəhvə istehlakından çox, içkinin nə qədər isti olması xərçəng araşdırmalarının yeni gündəm mövzularından birinə çevrilib. Oksford Universitetində aparılan və təxminən 1 milyon şəxsin məlumatlarının incələndiyi genişmiqyaslı araşdırmada çox isti çay və ya qəhvə içən şəxslərdə qida borusunun skuamöz hüceyrəli karsinoması (SCC) riskinin daha yüksək olduğu müəyyən edilib.
Araşdırmaya görə, içkilərini ilıq qəbul etdiyini bildirən şəxslərlə müqayisədə isti içki içənlərdə SCC riski təxminən 1,7 dəfə, içkilərini "çox isti" içənlərdə isə təxminən 3 dəfə daha çox olub. Araşdırma "International Journal of Cancer" jurnalında dərc edilib.
Gündə 6 və ya daha çox isti içki diqqət çəkdi
Araşdırmada gündə 6 və ya daha çox isti içki qəbul etməyin qida borusu skuamöz hüceyrəli karsinoması riskində 78 faizlik (orijinal mətndə 71%) artımla əlaqəli olduğu müşahidə edilib. Buna qarşılıq, qida borusunun aşağı hissəsində inkişaf edən adenokarsinoma (AK) ilə isti içki istehlakı arasında oxşar əlaqə aşkar edilməyib.
Tədqiqatçılar müşahidə olunan əlaqənin birbaşa səbəb-nəticə əlaqəsini əks etdirdiyi təqdirdə, insanların "çox isti" əvəzinə "isti" içkilərə üstünlük verməsi ilə SCC hallarının təxminən 14 faizinin qarşısının alına biləcəyini ehtimal ediblər. Lakin tədqiqatçılar nəticələrin diqqətlə şərh edilməli olduğunu da vurğulayıblar.
İçkilərin temperaturu ölçülmədi
Araşdırmanın ən mühüm məhdudiyyətlərindən biri iştirakçıların içdikləri içkilərin əsl temperaturunun ölçülməməsi olub. İştirakçılardan yalnız içkilərini "ılıq", "isti" və ya "çox isti" olaraq təsvir etmələri istənilib. Buna görə də eyni temperaturdakı bir içki fərqli insanlar tərəfindən fərqli şəkildə təsnif edilmiş ola bilər.
Tədqiqatın əsas müəllifi və Oksford Universitetində qidalanma epidemioloqu olan Keren Papier əldə edilən tapıntıların insanların çay və ya qəhvəni tamamilə tərgitməli olduğu mənasına gəlmədiyini bildirib. Papier çox isti içkilər qəbul edən şəxslərin içməzdən əvvəl içkilərini bir müddət gözlədərək bir az soyutmağa üstünlük verə biləcəyini söyləyib.
Nyu-Yorkdakı Stoni Bruk Xərçəng Mərkəzindən cərrahi onkologiya mütəxəssisi Dr. Aaron Sasson isti içkilərlə qida borusu xərçəngi arasındakı əlaqənin biologiya baxımından mümkün olduğunu qeyd edib. Sassonun fikrincə, hədsiz isti mayelər qida borusunda təkrarlanan termiki zədələnməyə səbəb ola bilər. Bu vəziyyətin uzunmüddətli dövrdə hüceyrə zədələnməsi ilə əlaqəli ola biləcəyi ehtimal edilir.
Mütəxəssis isti içkilərin qida borusu xərçəngi baxımından ən vacib risk faktoru olmadığını xüsusi vurğulayıb. Xüsusilə siqaret, həddindən artıq spirtli içki istehlakı, mədə turşuluğu (ürək yanması) və piylənmə qida borusu xərçəngi ilə daha güclü şəkildə əlaqələndirilən risk faktorları sırasındadır. Buna görə də mütəxəssislərə görə çay və ya qəhvəni tamamilə tərgitmək əvəzinə, xüsusilə çox isti istehlak edilən içkilərin bir az soyumasını gözləmək daha məqsədəmüvafiq yanaşma ola bilər. (milli.az)