29 iyul 2026 21:09
152

Azərbaycan Ombudsmanının nümayəndə heyəti Türkiyədə insan hüquqları üzrə təcrübə mübadiləsində iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ombudsman Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin əməkdaşları Şəhla Aslanova, Azər İsalı, Əfsanə Əliyeva, həmçinin İşgəncələrin qarşısının alınması şöbəsinin əməkdaşı Polad Cəfərzadə 20–24 iyul tarixlərində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) tərəfindən Ankarada təşkil olunan təcrübə mübadiləsi proqramında iştirak ediblər.
“İki sahil” xəbər verir ki, Azərbaycan Ombudsman Aparatı ilə TİHEK arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq həyata keçirilən səfərin məqsədi bərabərlik qurumu kimi TİHEK-in qabaqcıl təcrübəsinin öyrənilməsi, Azərbaycan Ombudsman təsisatının müsbət təcrübələrinin paylaşılması və qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi olub.
Proqram çərçivəsində Ombudsman Aparatının əməkdaşları təcrübə mübadiləsi və bu sahədə biliklərin artırılması məqsədilə TİHEK tərəfindən təşkil olunan “İnsan hüquqları və bərabərlik hüququ” mövzusunda  seminarlarda iştirak ediblər. Ombudsmanın nümayəndələri proqrama cəlb olunmuş universitet tələbələri üçün təqdimatlarla çıxış edərək, Azərbaycan Ombudsman təsisatının əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi, eləcə də işgəncələrin qarşısının alınması üzrə milli preventiv mexanizm qismində fəaliyyəti barədə ətraflı məlumat veriblər.
Səfər zamanı nümayəndə heyəti TİHEK-in aidiyyəti struktur bölmələrində olaraq qurumun mandatı, müraciətlərin qəbulu və araşdırılması, bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması, hüquqi maarifləndirmə, milli preventiv mexanizm çərçivəsində həyata keçirilən başçəkmələr, eləcə də beynəlxalq əməkdaşlıq istiqamətləri ilə yaxından tanış olub.
Bununla yanaşı, hər iki qurumun əməkdaşlarının iştirakı ilə uşaq hüquqlarının müdafiəsi, ayrı-seçkiliyin qarşısının alınması, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təşviqi mövzularında dəyirmi masa formatında müzakirələr keçirilib. Müzakirələr zamanı TİHEK tərəfindən şikayətlərin araşdırılması təcrübəsi, qəbul edilmiş qərarlardan nümunələr, milli monitorinq mexanizmi çərçivəsində hazırlanmış illik və tematik hesabatlar, həmçinin maarifləndirici nəşrlər və rəqəmsal tətbiqlər təqdim olunub. Azərbaycan Ombudsman təsisatının nümayəndələri isə Konstitusiya Qanununa uyğun olaraq müraciətlərə baxılması, müstəqil monitorinq mexanizmi fəaliyyəti, qurum tərəfindən bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlər barəsində geniş məlumat veriblər. 
Səfərin sonunda Ombudsman Aparatının əməkdaşlarına proqramı uğurla başa vurduqlarına görə sertifikatlar təqdim edilib.