29 iyul 2026 10:35
129

Dünya taxıl bazarını hansı risklər gözləyir?

Azərbaycanda indiyədək  sahələrdən 3 milyon 38 min 467 ton məhsul yığılıb

İqtisadçıların fikrincə, dünya buğda bazarında qiymət artımı gözlənilən idi. Çünki, bu bazarda təqribən 30 faizlik ixraacata malik olan Rusiya ilə Ukrayna arasındakı müharibə iyul ayında taxılın qiymətində 16 faizlik kəskin artıma səbəb olub. Eyni zamanda, Qara dəniz və Azov dənizi akvatoriyasında yaranan təhlükəli vəziyyət hər iki ölkədən buğda ixracını kəskin məhdudlaşdırıb. Bundan başqa, Ukraynanın pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın neft emalı zavodlarına endirdiyi ardıcıl zərbələr ölkədə ciddi yanacaq qıtlığı yaradıb. Benzin və dizel çatışmazlığı artıq nəinki  Moskva və Sankt-Peterburq kimi iri metropoliyaları, hətta ucqar Rusiya vilayətlərini də əhatə edib. Bununla da fermerlərin dizel yanacağı ilə təchiz olunmaması taxıl biçinin çətinləşdrib. Belə ki, Rusiyada dizel çatışmazlığı nəticəsində kombaynlar və digər xüsusi texnikalar zəmilərə çıxa bilmir.

Bəs cari ildə Azərbaycanda taxıl istehsalı hansı səviyyədədir? Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 27-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 92 faizində biçin başa çatıb.

Nazirlikdən bildirilib ki, mövsüm ərzində 883 min 995 hektar sahədə biçin aparılıb, bu sahələrdən 3 milyon 38 min 467 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,4 sentner  təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 sentner çoxdur.

İndiyədək 404 min 326 hektar buğda, 479 min 669 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 milyon 491 min 990 ton buğda, 1 milyon 546 min 477 ton arpa yığılıb. Buğda sahələrinin 88 faizində, arpa sahələrinin isə 95,6 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,9 sentner, arpa üzrə isə 32,2 sentner təşkil edir.

Artıq 20 rayonda - Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Naftalan, Göyçay, Kəlbəcər, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Sabirabad, Salyan, Siyəzən, Şuşa, Tərtər, Ucar və Yevlaxda biçin tam yekunlaşı. Respublikanın 22 rayonunda - Ağdam, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Balakən, Şabran, Füzuli, Goranboy, Xaçmaz, İmişli, İsmayıllı, Qax, Qazax, Qəbələ, Oğuz, Saatlı, Samux, Şəki, Yardımlı, Zaqatala və Zərdab rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.

Qeyd edək ki, dünya bazarında ən çox buğda  istehsal edən ölkələrin bəzilərində bu sahədə stabilləşmə qeydə alınıb. Bəs dünyada ən çox buğda istehsal edən ölkələr hənsılardır? Birinci yerdə Çin  gəlir. Çin dünyanın ən böyük buğda istehsalçısıdır. 21-ci əsrin ilk iki onilliyində ölkə dünya üzrə ümumi məhsulun 17 faizini - 2,4 milyard ton buğda istehsal edib.  1,4 milyard əhalisi olan bu  Asiya ölkəsi həm də dünyanın ən böyük buğda istehlakçısıdır.

 Son 20 ildə Hindistan dünyada ümumi buğdanın 12,5 faizini (1,8 milyard ton) istehsal edi. Təbii ki, dünyanın ən çox əhalisinə malik olan  bu ölkə yetişdirdiyi məhsulun böyük hissəsini özü istehlak edir. 1,2 milyard ton ilə dünyanın üçüncü ən böyük buğda istehsalçısı olan Rusiya dünya bazarında ümumi buğdanın 8,4 faizini təşkil edir və müharibədən öncə dünyanın ən böyük buğda ixracatçısı idi. ABŞ isə 1,2 milyard ton istehsal həcmi ilə dünya buğdasının 8,4 faizini istehsal edib və əsas ixraacatçıdır. Buğda ixracında ABŞ Rusiyadan sonra dünyada ikinci yeri tutur.

Fransa son 20 il ərzində dünya buğda istehsalının 5,4 faizin təşkil edib və 767 milyon ton istehsal edib. Ölkə Avropa İttifaqının ən böyük buğda istehsalçısıdır. Kanada 571 milyon ton istehsalla dünya buğda istehsalında 4 faizlik paya sahib olub. Buğda istehsalına görə Avropa İttifaqında Fransadan sonra ikinci yeri tutan Almaniya dünya buğdasının 3,5 faizini, yəni 491 milyon ton istehsal edib. Pakistan dünya buğda istehsalının 3,4 faizinə nail olub və 482 milyon ton məhsul yığıb.

Hazırda 25,7 milyon əhalisi olan Avstraliya isə qlobal buğda ixracat bazarlarında getdikcə əhəmiyyətli oyunçuya çevrilir. Bu ölkə 21-ci əsrin ilk iki onilliyində 456 milyon ton məhsul istehsal edib. Ukrayna ən böyük beş buğda ixracatçısından biridir və 2000-ci ildən 2020-ci ilə qədər 433 milyon ton məhsul yığaraq qlobal istehsalın 3,1 faizini təmin edib.

Elçin Zaman, «İki sahil»