28 iyul 2026 21:28
109

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiyaya rəsmi səfəri çərçivəsində iyulun 28-də bu ölkənin Xalq Nümayəndələri Palatasının sədri Taqasse Çaffo ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, ölkəsinin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini deyən T. Çaffo qeyd edib ki, Azərbaycan parlamentinin spikerinin bu səfəri qanunvericilik orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcək.

S. Qafarova da, öz növbəsində, bildirib ki, bu səfər Azərbaycanın qarşılıqlı münasibətlərə verdiyi yüksək dəyərin göstəricisidir.

Görüşdə Efiopiya Prezidenti Taye Atske Sellasiye və baş nazir Abiy Əhməd Əlinin Azərbaycana səfərləri, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdikləri görüşlər xatırladılıb. Söhbət zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2026-cı ilin yanvar ayında Efiopiyaya səfərinin əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında turizm, biznes, qarşılıqlı investisiya qoyuluşu, mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edilib. Bu əməkdaşlığın uğurlu göstəricisi kimi, "ASAN xidmət" modelinin Efiopiyada da tətbiq olunması, bu modelin Efiopiyada Azərbaycanın izi kimi qiymətləndirildiyi bildirilib.

Görüşdə parlamentlərarası münasibətlərin daha da inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Sahibə Qafarova Taqasse Çaffonu Azərbaycana rəsmi səfərə dəvət edib və dəvət məmnunluqla qəbul olunub.

Vurğulanıb ki, iki ölkə parlamenti arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensial mövcuddur.

T. Çaffo hazırda ölkəsinin qanunvericilik orqanında islahatlar həyata keçirildiyini və Azərbaycanın bu sahədəki təcrübəsinin onlar üçün maraqlı olduğunu bildirib.