28 iyul 2026 10:17
97

Fransada bir ay ərzində üç muzey qarət edilib

Fransada iyul ayında Tarn, Kot-d'Or və Aşağı Reyn departamentlərində yerləşən muzeylərdə üç iri oğurluq hadisəsi baş verib.

“İki sahil”in Le Parisien qəzetinə istinadən verdiyi məlumata görə, oğurlanan eksponatların ümumi dəyəri milyonlarla avro təşkil edir. Nəşrin məlumatına əsasən, iyulun 1-də Tarn departamentində yerləşən Montan Arxeologiya Mərkəzindən 15 dəqiqədən az müddətdə eramızdan əvvəl 50-ci ilə aid təxminən 40 sikkə oğurlanıb. Dəymiş zərər 120 min avronu ötüb.

Dörd gün sonra isə cinayətkarlar Vingen-sür-Moder kommunasında yerləşən Lalique Muzeyindən 27 ədəd zinət əşyası oğurlayıblar. Bunun üçün onlar altı vitrini sındırıblar. Dəymiş zərər 4,5 milyon avronu keçib.

İyulun 24-də daha bir oğurluq hadisəsi baş verib. Şatiyon-sür-Sen kommunasındakı muzeydən eramızdan əvvəl V əsrə aid, əvəzsiz hesab edilən "Viks xanımı" qızıl boyun bəzəyi oğurlanıb. Qəzetin məlumatına görə, şübhəlilərdən biri artıq saxlanılıb.