Berlində ötən gecə yürüş zamanı mikroavtobusun insanların üzərinə sürülməsi ilə bağlı istintaq tədbirləri davam edir. Polis hadisə yerində əlavə sübutların aşkarlanması məqsədilə genişmiqyaslı axtarışlara başlayıb.
“İki sahil” xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hücumun baş verdiyi ərazidə və mikroavtobusun ətrafında maddi sübutların toplanması istiqamətində araşdırma aparırlar.
Berlində yürüşün keçirildiyi ərazinin yaxınlığında mikroavtobusun insanların üzərinə sürülməsi nəticəsində 1 qadın həlak olub, azı 16 nəfər xəsarət alıb. Hadisə ötən gecə saat 22:00 radələrində baş verib. Berlində “Christopher Street Day” yürüşünün keçirildiyi ərazinin yaxınlığında mikroavtobus bir neçə nəfəri vurduqdan sonra ağaca çırpılıb. Sürücü nəqliyyat vasitəsini tərk edərək hadisə yerindən uzaqlaşıb.
Hadisənin törədilməsində şübhəli bilinən şəxsin kimliyi müəyyənləşdirilib. Onun 21 yaşlı Abdul B. olduğu bildirilir. Yerli medianın məlumatına görə, həmin şəxs bu ilin mayında yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş müəssisədən azadlığa buraxılıb.
Lakin hadisənin motivi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Berlin polisi əhaliyə müraciət edərək hadisə ilə bağlı foto və videogörüntüləri təqdim etməyi xahiş edib.
Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt bildirib ki, hadisənin səbəblərinin və motivlərinin müəyyənləşdirilməsi üçün əməliyyat tədbirləri fasiləsiz davam etdirilir.
Hadisə Almaniyanın siyasi rəhbərliyi və Avropa İttifaqı səviyyəsində sərt reaksiyalara səbəb olub.
Almaniya Kansleri Fridrix Merts X hesabında etdiyi paylaşımda hücumu cəmiyyətə qarşı yönəlmiş əməl kimi qiymətləndirib. “Biz açıq və azadlığı sevən cəmiyyətik və bunu qoruyacaq, müdafiə edəcəyik. Bu cinayətin üstü açılacaq və onu törədən şəxs qanunun tələblərinə uyğun olaraq sərt şəkildə cəzalandırılacaq”, - deyə kansler qeyd edib.
Prezident Frank-Valter Ştaynmayer isə bildirib: “Bu əməl açıq cəmiyyətimizə, həyat tərzimizə və birlikdə yaşama anlayışımıza qarşı yönəlmiş bir hücumdur”.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta isə açıqlamasında bu hadisəni İttifaqın təməlini təşkil edən dəyərlərə qarşı yönəlmiş hücum adlandırıb: “Avropa İttifaqı nifrətin, ekstremizmin və zorakılığın bütün formalarını ən sərt şəkildə qınayır”.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də X hesabında paylaşımında cəmiyyətdə nifrət və zorakılığa yer olmadığını vurğulayıb. “Hər bir insan qorxu hissi keçirmədən öz həyatını yaşamalı, sevməli və öz hüquqları uğrunda mübarizə apara bilməlidir”, - deyə o bildirib.