Bu il iyulun 1-nə Azərbaycanda ləğv prosesində olan 19 bank üzrə əmanətçilərə ümumilikdə 1 milyard 729 milyon 888 min manat kompensasiya ödənilib.
“İki sahil” xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Sevinc Səlimova Milli Mətbuat Günü münasibətilə Şamaxıda təşkil olunmuş Dialoq və Əməkdaşlıq Forumunda məlumat verib.
Onun sözlərinə görə, hesabat dövrünədək kompensasiya ödənilən əmanətçilərin sayı 63 min 888 nəfərə çatıb.
“Hazırda fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin 83 faizi qorunan, 17 faizi isə qorunmayan əmanətlərdir. Ümumi əmanətçilərin 99,7 faizi qorunan, 0,3 faizi isə qorunmayan əmanətçilər kateqoriyasına daxildir”, - deyə Sevinc Səlimova vurğulayıb.
Əmanətlərin Sığortalanması Fondunun hüquqi müdafiə və məhkəmə təmsilçiliyi istiqamətində fəaliyyətini 2026-cı ilin birinci yarısında da davam etdirdiyini deyən qurum rəsmisi hesabat dövründə təşkilat tərəfindən müxtəlif instansiya məhkəmələrində ümumilikdə 240-dan çox məhkəmə işi üzrə hüquqi xidmət göstərildiyini vurğulayaraq baxılan işlərin 150-dən çoxunun birinci instansiya məhkəmələrinin, 60-dan çoxunun apelyasiya instansiyası məhkəmələrinin, 30-dan çoxunun isə Ali Məhkəmənin icraatında olduğunu sözlərinə əlavə edib: “Ümumilikdə isə ƏSF-in fəaliyyəti dövründə məhkəmə təmsilçiliyi həyata keçirilən işlərin sayı 2 min 160-ı ötüb. Belə ki, təşkilat tərəfindən birinci instansiya məhkəmələrində 1 800-dən çox, apellyasiya instansiyası məhkəmələrində 300-dən çox, Ali Məhkəmədə isə 60-dan çox iş üzrə hüquqi müdafiə və təmsilçilik təmin edilib. Əldə olunan göstəricilər ƏSF-in hüquqi yardım və məhkəmə müdafiəsi sahəsində fəaliyyətinin geniş miqyasını, vətəndaşların hüquq və qanuni mənafelərinin müdafiəsi istiqamətində ardıcıl fəaliyyətini əks etdirir”.