22 iyul 2026 17:21
101

Azərbaycan Prezidentinin Almaniyaya rəsmi səfəri mühüm siyasi hadisə kimi qiymətləndirilir

İyulun 21- də Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi qiymətləndirilir. Həmin səfərdə aparılan danışıqlar, imzalanan sənədlər və verilən bəyanatlar göstərir ki, Bakı ilə Berlin arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Xüsusilə siyasi dialoqun institusional əsaslarının möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və enerji sahəsində tərəfdaşlığın dərinləşdirilməsi gələcək əməkdaşlığın əsas istiqamətləri kimi təsdiqlənir.

Bir bir reallıqdır ki, Avropa İttifaqının ən böyük iqtisadiyyatına sahib olan Almaniya üçün enerji mənbələrinin şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlığı və Mərkəzi Asiya bazarlarına çıxış strateji prioritetlər sırasındadır. Məhz bu mənada ölkəmiz Almaniya üçün yalnız enerji tərəfdaşı deyil, həm də Avropa ilə Asiya arasında formalaşan yeni geoiqtisadi bağlantıların əsas dövlətlərindəndir.

Məlumdur ki, Azərbaycan qazının Almaniya bazarına daxil olması iki ölkə münasibətlərində keyfiyyətcə yeni mərhələdir. Belə ki, SOCAR ilə Almaniyanın «Uniper» şirkəti arasında 2045-ci ilədək qüvvədə olan uzunmüddətli qaz tədarükü müqaviləsi, həmçinin SEFE ilə formalaşdırılan strateji əməkdaşlıq Almaniyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və Cənub Qaz Dəhlizinin Avropa enerji bazarında sabit mənbə kimi rolunun güclənməsinə xidmət edir. Almaniya kimi ixracyönümlü iqtisadiyyat üçün Orta Dəhliz də xüsusi strateji əhəmiyyət daşıyır. Bu marşrut Almaniya sənayesinə Mərkəzi Asiya bazarlarına daha etibarlı çıxış, kritik xammal tədarükünün şaxələndirilməsi və qlobal təchizat zəncirlərinin dayanıqlılığının artırılması baxımından yeni imkanlar yaradır. Azərbaycan isə bu prosesdə Avropa ilə Asiya arasında logistika, enerji və iqtisadi əməkdaşlığın əsas qovşaqlarından biri kimi çıxış edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri cənab Fridrix Merts Berlində mətbuata bəyanatlarında bu məsələlər barədə məlumat verdilər. Ölkəmizin başçısı bildirdi ki, səfər zamanı imzalanmış sənədlər iki ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsinə xidmət edəcək. İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Almaniya artıq strateji dialoqun başlanmasına nail olublar və bu, ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. İqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı imzalanmış Birgə Bəyannamə isə ticarət, investisiya, sənaye, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın daha da intensivləşməsi üçün mühüm hüquqi və siyasi baza yaradır.

Bu gün iqtisadi əməkdaşlıq Azərbaycan-Almaniya münasibətlərinin əsas istiqamətlərindən biridir. Hazırda 200-dən artıq Almaniya şirkəti Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Onların enerji, sənaye, tikinti, logistika, mühəndislik, kənd təsərrüfatı, informasiya texnologiyaları və xidmət sektorunda həyata keçirdikləri layihələr ölkənin iqtisadi inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, rəsmi səfər çərçivəsində Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsi ilə bağlı konkret təkliflər irəli sürülüb. Bu isə yaxın illərdə yeni investisiyaların cəlb olunmasına, müasir texnologiyaların transferinə və yeni iş yerlərinin yaradılmasına əlverişli şərait formalaşdıracaq.

Almaniya səfəri zamanı verilən mesajlar göstərir ki, tərəflər iqtisadi əlaqələrin şaxələndirilməsinə də xüsusi önəm verirlər. Rəqəmsal transformasiya, sənaye innovasiyaları, peşə təhsili, logistika, nəqliyyat dəhlizləri və ekoloji texnologiyalar gələcək əməkdaşlığın perspektivli istiqamətləri kimi qiymətləndirilir. Almaniyanın qabaqcıl texnoloji təcrübəsi ilə Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf edən iqtisadi potensialı qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır.

Ölkəmizin başçısının Almaniyaya rəsmi səfəri bir daha təsdiqlədi ki, Azərbaycan Avropa dövlətləri ilə qarşılıqlı hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan siyasətini ardıcıl şəkildə davam etdirir. Almaniya ilə strateji dialoqun, iqtisadi əməkdaşlığın yeni hüquqi əsaslarla möhkəmləndirilməsi və enerji tərəfdaşlığının genişləndirilməsi iki ölkə arasında münasibətlərin uzunmüddətli inkişafına möhkəm zəmin yaradır.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilaının sədri